Bu, xalqımızın tarixində əbədi yaşayacaq bir hadisədir- ÖZƏL
18 Yanvar 2024 13:30 SiyasətTarix elmləri doktoru, professor, Nəsiman Yaqublu deyib ki, 20 Yanvar hadisəsi bizim tariximizdə, xüsusən də 1988-ci ildən başlanan milli azadlıq hərəkatı tarixində ən mühim hadisələrdən biridir: "20 Yanvar hadisələrindən sonra artıq sovet dövlətinin yürütdüyü siyasət, ayrı-ayrı xalqların azad və müstəqil yaşamasına olan münasibəti tamamilə aydınlaşdı. Digər tərəfdən isə Azərbaycan xalqı öz apardığı mübarizənin müəyyən xətlərini müəyyənləşdirə bildi. Başa düşdü ki, sovet rejimi heç də onun müstəqillik mübarizəsini asanlıqla qarşılamayacaq. Bu mənada 20 Yanvar hadisələrinə bir istiqamətdən belə yanaşmaq lazımdır.
İkinci tərəfdən o fikri vurğulayaq ki, 20 Yanvar hadisələri SSRİ dövlətinin çökmə prosesini sürətləndirdi. Təxminən 1 il sonra SSRİ dövləti dağıldı. Amma buna qədər də sovet dövründə 20 Yanvar hadisələrinə oxşayan bir neçə hadisələr də baş vermişdi. Birinci hadisə Qazaxıstanda olmuşdu. 1986-cı ilin dekabr ayında Qazaxıstanın əsasən universitet tələbələri Qazaxıstanın qazax millətindən olan dövlət başçısı Dinməhəmməd Kunayevin dəyişdirilib, yerinə rus millətindən olan Gennadi Kolbinin təyin edilməsinə qarşı böyük mitinqlərə başladılar. Onda sovet dövləti mitinqləri çox qəddar üsulla yatırdı. Çoxlu tələbələri güllələdi, adamları həbs etdi. İkinci hadisə 1989-cu ilin aprel ayında Tiflisdə baş verdi.
20 Yanvar hadisəsi say etibarı ilə 3-cü hadisə oldu. Bizim günahsız insanlarımız həlak oldu. Bu hadisə təkcə Bakıda baş vermədi, digər bölgələrimizdə də vətəndaşlarımız qətlə yetirildilər. O dövrdə informasiya blokadasını yarmaq çox çətin məsələ idi. 20 Yanvar hadisələrini ilk dəfə dünya ictimaiətinə Azadlıq radiosu vasitəsi ilə çatdıran Mirzə Xəzər idi. Səhər təxminən saat 4-5-ə yaxın o, ilk məlumatları verdi. Burda həlak olan insanlar haqqında məlumatlar yaydı.
20 Yanvar hadisələrinin dəfn mərasimində mən iştirak etmişəm və onların qəbirlərinin qazılmasında da orda olmuşam. Yadımdadır ki, onların indiki məzarları olan yeri qazanda yerdən sümüklər çıxırdı. Kimsə bu sözləri dedi ki (səhv etirəmsə, yazıçı Sabir Rüstəmxanlı), görürsünüzmü, vaxtı ilə 1918-ci ilin mart hadisələrində soyqırıma məruz qalan insanlarımız da burda dəfn edilmişdir, indi onların sümükləri çıxır. 20 Yanvar şəhidləriniz orda dəfn edildi.
20 Yanvar hadisəsindən sonra millətimizin, xalqımızın birlik hisləri də gücləndi. Yadımdadır ki, 40-na qədər nə qədər insanlar onları yad edirdilər, bir çox yerlərdə onların ruhuna dualar oxunurdu, adlarına ehsanlar verilirdi. Hər yer qırmızı güllərə bürünürdü. Bu, bir xalq matəmi kimi qəbul olunurdu. Eyni zamanda da o insanları yada salırdılar, onlara böyük sevgilərinin olduğunu, heç vaxt unutmayacaqlarını bildirirdilər. Belə bir hadisə kimi yadımda qaldı.
20 Yanvar hadisələri ilə bağlı ilk kitabı hazırlayan Niyaz Hacıyev adında ziyalımız olub. Mən o kitabı çox axtardım, tapa bilmədim. Üz qabığı məndə var. Niyaz Hacıyevi də araşdırdım, tapa bilmədim. Dedilər, vaxtı ilə hansısa rayon kommitəsində çalışıb. Çünki, o vaxt 20 Yanvar hadisələrini yaymaq, kitab hazırlamaq qadağan edilmişdi. Birinci Niyaz Hacıyev hazırlayıb, sonra bu hadisələr haqqında kitabı Rafiq Səməndər yazıb. Bu istiqamətdə, 20 Yanvarla bağlı müəyyən dövrdə işlər oldu. Ən çox yayılan kitab isə, Rafiq Səməndərin yazdığı kitab idi. Hadisələrdən bir neçə gün sonra mən də 20 Yanvar hadisələri haqqında kitab yazmağa başlamışdım. Hətta yadımdadır ki, bir dostumla xəstəxanının meyid saxlanılan yerinə-morqa getdik. Mən onların bir neçəsinin fotolarını da çəkdim. Cavan oğlanlar, hamısı dünyadan köçmüş halda... Mənim üçün bu səhnəni indi də xatırlamaq çox ağrılıdır. Kitabı yazmağa başladım, amma bir qədər keçəndən sonra, o dövrdə sovetdə belə bir qayda vardı ki, nəşriyyat sistemləri planlı işləyirdi. Müqaviləni jurnalist Rafiq Səməndərlə bağladırlar ki, kitabı o yazsın. Çünki, mən o vaxt o qədər də tanınmırdım. O, çox təsirli və güclü bir kitab yazdı. Mən dayandırdım, daha 20 Yanvarla bağlı kitab yazmadım. Çünki, bildim ki, artıq yazan var və onun da kitabı çap olunacaq. Rafiq Səməndər də o kitabı peşəkarcasına yazdı.
20 Yanvar hadisələrini biz heç zaman unutmayacağıq. Bu, xalqımızın tarixində əbədi yaşayacaq bir hadisədir. Ruhları şad olsun".