Qələbəmizin və qüdrətimizin yolu 20 Yanvardan başlayıb- ÖZƏL
18 Yanvar 2024 11:47 SiyasətBDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Olaylar.az-a bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixində xalqımıza qarşı törədilmiş ən ağır cinayət kimi qiymətləndirilir: "Xalqımızın milli azadlıq hərəkatının açıq şəkildə ifadə olunan meydan toplantısına qarşı sovet ordusunun törətdiyi bu cinayət SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun ünvanına yazıldı. Özbəkistanda, Qazaxıstanda, Pribaltikada, Tiflisdə baş verən milli azadlıq hərəkatına qarşı ən ağır cəza tədbiri Bakı, Sumqayıt və digər şəhərlərimizə yeridilən sovet silahlı qüvvələrinin törətdiyi kütləvi qətl hadisələrində təkcə Bakı şəhərində 400-dən çox milli mücahid həlak oldu. O günlərdə Ermənistanda səfərdə olan Raisa Maksimovnaya-Qorbaçovun arvadına ermənilər qızıl tac hədiyyə etmişdilər və Qorbaçov onların bu rüşvəti müqabilində Azərbaycanda bu qətlin törədilməsinə əmr vermişdi.
O zaman Bakıda teleradio kanallarını məhv etdilər, bizim bu hadisəni beynəlxalq ictimaiyyətə çatdırmağa media imkanlarımız da qalmamışdı. Belə bir anda Moskvada öz vəzifəsindən istefa verən Heydər Əliyev azərbaycanlı tələbələr - o cümlədən oğlu İlhamla birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı hadisənin günahkarlarını cəsarətlə açıqladı və dünyaya çatdırdı.
İndi o hadisənin üstündən 34 il keçib. Azərbaycan öz azadlığına qovuşub. İnkişaf etmiş bir dövlət qurmuşuq, torpaqlarımızı düşməndən azad etmişik. Qorbaçovun ömür boyu rəqabət apardığı Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri adını qazandı. Qorbaçovu isə müasir Rusiyada xalq düşməni kimi damğalayırlar. Bax, tarix budur! Azərbaycan bu gün dünyaya günəş kimi doğmaqdadır. Bu qələbəmizin və qüdrətimizin yolu 20 Yanvardan başlayıb ötən ilin sentyabrındakı lokal antiterror qələbəsi ilə də əbədiləşdi. 20 Yanvar şəhidlərimizin azadlıq arzularını 44 günlük Vətən müharibəsinin igid oğulları gerçəkləşdirdi. Tanrı ədaləti heç vaxt ədalətsizliyə qurban vermir...