Ermənistanın gözünü açmasını, tarixi imkandan istifadə etməsini gözləyirik- Sultan Zahidov-ÖZƏL
12 Yanvar 2024 18:18 Siyasət"Qarabağ münaqişəsinin 30 illik tarixi bir daha onu göstərdi ki, bu regionda vasitəçilər proseslərə obyektiv və qərəzsiz yanaşmırlar. "
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Münaqişənin həlliylə bağlı istər BMT çərçivəsində, istər ATƏT çərçivəsində və digər qurumlar çərçivəsində müəyyən vasitəçilik təşəbbüsləri baş versə də bunların heç bir nəticəsi olmadı. Qarabağ münaqişəsinin bir başa həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildən 2020-ci ilə kimi bu münaqişəni uzatmaqdan başqa hər hansı bir tövhə vermədi. Düzdür, müəyyən vaxtlarda müəyyən təkliflər paketi irəli sürdülər, amma bu təkliflər paketi heç də reallığı əks etdirən, ədaləti və Azərbaycanın maraqlarını nəzərə alan təkliflər paketi deyildi. Münaqişənin Azərbaycan tərəfindən birtərəfli şəkildə, vasitəçisiz, heç bir yardım olmadan həlli də məhz onu göstərdi ki, bəzən bu tip münaqişələrin həllində hansısa bir vasitəçiyə ehtiyac yoxdur. Azərbaycan 2020-ci ildə öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistan tərəfinə 5 prinsipdən ibarət sülh təşəbbüsü irəli sürdü. Bu prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir ki, bura ərazi bütövlüklərinin qarşılıqlı şəkildə tanınması, tərəflərin bir-birlərinə qarşı ərazi iddiasında olmaması, diplomatik münasibətlərin qurulması, kommunikasiya xətlərinin açılması, tərəflərin bir-birinə qarşı gücdən istifadə etməməsi. Azərbaycanın sülh təşəbbüsü bu prinsiplərdən ibarət idi. Bunun əsasında sülh danışıqları başlandı. Sülh danışıqlarına ilkin olaraq Moskva, Brüssel daha sonra da Vaşinqton platformaları çərçivəsində, yəni vasitəçilərin köməyi ilə bu danışıqlar davam etdirildi. Bu hər üç prosesdə müəyyən irəliləyişlərə nail olundu. Desək ki, vasitəçilərin köməyi ilə heç bir nailiyyət əldə olunmadı, yalan olar. Çünki, adicə Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında qərar verməsi özü də bir irəliləyişdir. Baxmayaraq ki, iki ilə yaxındır ki, bu danışıqlar davam edir, sülh sazişi hələ yoxdur. Bu da ondan irəli gəlir ki, vasitəçilər həm öz maraqlarını daha çox güdürlər, nəinki regional dövlətlərin maraqlarını, həm də vasitəçilərin arasında da müəyyən geosiyasi rəqabət var ki, o da sülh prosesinin sürətlənməsinə və yekun sazişin imzalanmasına maneçilik törədir. Məsələn, Moskvada vasitəçilik həyata keçirilərkən Rusiya müəyyən məsələlərə üstünlük verirsə, Vaşinqton platforması çərçivəsində baş verən danışıqlarda başqa məsələlərə üstünlük verilir. Vaşinqton və Rusiya bu proseslərdə də bir növ bir-birilə rəqabət aparırlar. Moskva Vaşinqton və Brüsselin prosesə müdaxilə etməsinin tərəfdarı deyil. Vaşinqton və Brüssel isə Rusiyanın bu proseslərdə aktiv olmasını istəmir. Bu da sözsüz ki, sülh prosesini uzadır və regionda sabitlik və əmin-amanlıq yaranmasına mənfi fayda verir. Digər tərəfdən Fransa kimi beynəlxalq aktorlar var ki, onlar Ermənistanı qızışdırmaqla, ona yalan vədlər verməklə bu prosesə maneə törədən faktorlardan biridir. Fransanın bu prosesə müdaxiləsi heç bir halda müsbət nəticə vermir. Əksinə, qeyri-sabitliyi, gərginliyi daha da artırır. Belə olan təqdirdə sözsüz ki, ən uyğun ssenari tərəflər arasında vasitəçilərin köməyi olmadan sülh danışıqlarının davam etdirilməsidir. Reallıq odur ki, artıq bir müddətdir ki, Azərbaycan-Ermənistan arasında sülh mətninin müddəaları ilə bağlı vasitəçisiz danışıqlar və mübadilə həyata keçir. Burada müəyyən müsbət mövqelərdə yaxınlaşmanın şahidi oluruqsa, deməli doğurdan da hansısa bir vasitəçiyə ehtiyac yoxdur. Noyabrın 30-da ilk dəfə olaraq Qazax-İcevan sərhəddində vasitəçilərin iştirakı olmadan Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının görüşünü gördük. Növbəti görüş yanvarın sonunda yenə də vasitəçisiz baş tutacaq. Sülh prosesinin bu günə qədər yubanmasının və vasitəçilikdə iştirak edən aktorların qərəzli mövqeyini nəzərə alsaq, əslində, vasitəçisiz bu prosesi daha da sürətləndirmək mümkündür. Azərbaycan tərəfi də bu mövqeyin tərəfdarıdır ki, görüşlər elə birbaşa vasitəçisiz həyata keçirilsin. Bu da sülh prosesinin sürətlənməsinə vəsilə olsun. Burada sözsüz ki, qarşı tərəfdən də adekvat addımların şahidi olmalıyıq. Ermənistan tərəfi ilk növbədə Vaşinqtondan, Brüsseldən, Parisdən mədəd ummalı, onların göstərişlərini yerinə yetirməli deyil. Sülhə doğru konsultiv addımlar atmalıdır. Ermənistan tərəfindən bunlar reallaşdırılarsa, düşünürəm ki, 2024-cü ildə sülh sazişi imzalanacaqdır. Əks halda prosesin daha da yubanma ehtimalı böyükdür. İstənilən halda Cənubi Qafqazda sülh üçün real imkan, tarixi fürsət yetişib. Bu fürsəti bütün regional ölkələr dəyərləndirməli və maksimum dərəcədə faydalanmalıdır ki, bu baxımdan biz Ermənistanın da gözünü açmasını, bu tarixi imkandan lazımı şəkildə istifadə etməsini gözləyirik".