Ölkəmiz iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir - Elman Cəfərli - ÖZƏL
25 Dekabr 2023 22:11 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz bu il Dubayda keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına-COP-28-ə qatıldı."
Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli qeyd edib:
"Həmin toplantıda COP-29-un gələn il Azərbaycanda keçirilməsi qərara alındı. Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizə istiqamətində beynəlxalq səylərə qoşulub. Ölkəmiz iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Bu gün qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi ölkəmizin payına düşür. Azərbaycanın hədəfi 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır. Azərbaycan hökuməti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Post müharibə dövründə bölgədə aparılan tikinti-quruculuq işləri ekoloji texnologiyalara əsaslanır. "Ağıllı kənd" layihəsi, yaşıl enerji, təbiz nəqliyyat kimi innovatiov yanaşmalar Azərbaycanın istixana qazlarının emissiyasının azaldılması istiqamətində aparılan siyasətə sadiq qaldığını göstərir.
2024-cü ildə Bakıya COP-29-da iştirak etmək üçün dünyanın 150-dən artıq ölkəsindən 80 minə qədər qonağın gələcəyi gözlənilir. İki həftə sürəcək tədbirin ölkəmiz üçün önəmi böyükdür. Azərbaycana olan beynəlxalq etibarın əsas səbəbi sözsüz ki, Azərbaycanda təhlükəsiz mühitin, sabitliyin, inkişafın, bütün sahələrdə modernləşmənin olmasıdır. Hesab edirəm ki, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam ölkəmizin qlobal iqlim dəyişikliyinin təsirinin yumşaldılması istiqamətidə gördüyü nəhəng işlərin məntiqi davamıdır. Bu onu göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfələrini verməkdə davam edəcək. Bu sənəd yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioriteti olduğunu bir daha təsdiq edir."