Ermənistan yenə heç nəyə nail ola bilməyəcək - Sahil Kərimli - ÖZƏL
25 Dekabr 2023 22:14 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ermənistanın Baş naziri son vaxtlar bölgəmizdə baş verən proseslər fonunda o qədər çıxılmaz vəziyyətə düşüb ki, bu gün daim güvəndiyi, özünə arxa bildiyi Qərb dairələrindən istədiyi nəticəni ala bilmir. Təbiidir ki, məcburiyyət qarşısında yenidən Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa çalışır."
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Sankt-Peterburqda keçiriləcək MDB-nin iclasında iştirak etmək üçün can atan Paşinyan əlbəttə ki, yeni dividentlər qazanmağa çalışır. Bununla da, Qərb dairələrinə müəyyən mesajlar ötürməyə çalışır, çünki Paşinyan hakimiyyətdə olduğu illər ərzində daim Qərbə üz tutub. Qərbdən müəyyən mədət ummağa çalışıb, dayaqlar axtarıb. Sonunda bu siyasətin fiyaskoya uğramasının biz şahidi olduq. Qərb dairələri Azərbaycana qarşı hər nə qədər təzyiqlər və təsirlər etməyə çalışsa da, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu təzyiqlər layiqincə dəf olunub. Bu gün Qərbin, xüsusilə Fransanın, Avropa ölkələrinin Azərbaycana təzyiq imkanları demək olar ki, heçə enib. Nə qədər Azərbaycana qarşı təzyiq olunsa da, Qərb və ya Avropa dairələri istədiklərinə nail ola bilməyib. Çünki, ilk növbədə Azərbaycanın haqlı və ədalətli mövqeyi, milli maraqlardan çıxış edən müstəqil siyasəti var və Azərbaycan bu yolla da davam edəcəkdir. O ki qaldı Paşinyanın bu siyasi manipulasiyalarına, təbiidir ki, Paşinyan bu gün Qərbdən gözlədiklərini ala bilmədiyi üçün yenidən Rusiyaya üz tutmağa çalışır. Eyni zamanda Paşinyan son zamanlar Rusiya ilə ölkəsinin çox bərbad vəziyyətdə olan münasibətlərini normallaşdırmaq istiqamətində də bu addımları atır. Onu da vurğulamaq istərdim ki, istər Qərb, Avropa dairələrinə, istərsə də Rusiyaya meyillilik, arxalanmaq və güvənmək siyasəti nə qədər davam etsə də, sonunda Ermənistan yenə heç nəyə nail ola bilməyəcək və Azərbaycanın diqtə etdiyi formada Azərbaycanla münasibətləri normallaşdırmağa və sülh müqaviləsini imzalamağa məcbur olacaq."