Belə bir qərarın alınması əlbəttə ki, təbii qarşılanmalıdır... - Oqtay Qasımov - ÖZƏL
25 Dekabr 2023 21:20 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması" çox vacibdir. "
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu iki səbəbdən vacibdir. Birincisi, bildiyiniz kimi Azərbaycan son illər bərpa olunan və yaşıl enerji sayəsində ciddi addımlar atmaqdadır. 2030-cu ilə qədər Azərbaycanda istifadə olunan enerjinin əhəmiyyətli hissəsi yaşıl enerji hesabına təmin olunacaq. Xüsusilə də azad olunmuş ərazilərdə yaşıl enerji ilə bağlı ciddi layihələr həyata keçirilməkdədir. Bu həm su elektrik stansiyaları, o cümlədən, günəş və külək enerji stansiyalarının qurulması ilə bağlı işlər getməkdədir. Bundan əlavə olaraq artıq ölkənin müxtəlif ərazilərində bununla bağlı konkret layihələr həyata keçirilir. O cümlədən, bir müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə Qaradağ ərazisində 500 meqavatlıq günəş elektrik stansiyasının açılış mərasimi də keçirildi. Ümumən, Azərbaycan yaxın gələcəkdə Avropaya da bir geqavat həcmində "yaşıl enerji"-nin ixracı ilə bağlı layihələr həyata keçirir. Qeyd etdiyimiz kimi günəş və külək enerjisindən istifadə prioritet istiqamətə çevrilib. Xəzər dənizindəki enerji ehtiyatları bilirsiniz ki, nəhəng miqdarlardadır. Yaxın gələcəkdə onun əhəmiyyətli hissəsinin mənimsənilməsi ilə bağlı işlər həyata keçiriləcək. Yəni, Azərbaycan hal-hazırda "yaşıl enerji"-yə keçidlə bağlı iri layihələr həyata keçirilən ölkələrin sırasındadır və keçmiş postsovet məkanında da öncül yer tutmaqdadır.
İkinci səbəb isə bilirsiniz ki, Azərbaycan 2024-cü ilin sonlarında COP29 beynəlxalq iqlim dəyişiklikləri toplantısına evsahibliyi edəcək. Bu tədbirin keçirilməsi çox əhəmiyyətli hesab olunur. Belə ki, o zaman ölkəmizə xaricdən təxminən 70, 80 minə yaxın nümayəndələrin gəlişi gözlənilir və bu olduqca böyük əhəmiyyətə malik olan bir tədbirdir. Planetimizin gələcəyi, iqlim dəyişiklikləri ilə bağlı ən ciddi müzakirələrin aparıldığı və qərarların alındığı bir formatdır desək yanılmarıq. Məhz Azərbaycan həm də belə mötəbər bir tədbirə evsahibliyi etdiyi üçün belə bir qərarın alınması doğru oldu. Həm, olduqca mötəbər bir tədbirə evsahibliyi etmək baxımından, digər tərəfdən də qeyd etdiyimiz kimi Azərbaycanın "yaşıl enerji"-yə keçidlə bağlı ciddi layihələr həyata keçirən bir ölkə kimi belə bir qərarın alınması əlbəttə ki, təbii qarşılanmalıdır. "