Qarşı tərəfin bu şərtləri heç bir redaktə etmə, zaman uzatma haqqı yoxdur - Züriyə Qarayeva - ÖZƏL
25 Dekabr 2023 21:13 Siyasət"Əlbəttə ki, Ceyhun Bayramovun "sülh sazişinin imzalanması heç də münasibətlərin, məsələlərin tam olaraq həllini ehtiva etmir. " məğzində fikir bildirməsi tamamilə haqlı və doğrudur. "
Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki, biz bu günə qədər Ermənistandan elə bir siyasətin, daim vədinə sadiq qalmama tendensiyasının şahidi olmuşuq ki, bu ənənələr bizə bugünkü gündə Ermənistanın birdən-birə dəyişəcəyinə bağlı ümidlərimizi yox edir. Sülh mütləq şəkildə imzalanmalıdır. Azərbaycan qalib tərəfdir, şərtləri diktə edən tərəfdir. Ən önəmlisi Azərbaycan haqlı tərəfdir. Qarşı tərəfin bu şərtləri heç bir redaktə etmə, zaman uzatma haqqı yoxdur. Bu şərtlər qəbul olunmalı və sülh müqaviləsi imzalanmalıdır. Dünya praktikasında da Rusiya və Yaponiya arasında müharibə istisna olmaqla elə bir müharibə mövcud deyil ki, sülh müqaviləsi imzalanmasın. Ona görə də bu proseslərin də gedişi gec, ya da tez sülh müqaviləsinin imzalanmasıyla nəticələnəcək. Lakin proseslər yalnız o zaman müsbət məcrada inkişaf edə, problemlərin hamısı o zaman həllini tapa bilər ki, Ermənistan destruktiv siyasətdən, öz riyakar xislətindən əl çəksin, sabotajçı ritorikasını bir kənara qoysun, fərqli qüvvələrin onun üzərindən manipulyasiya etmək siyasətinə mane olsun, özünü digər güclərin, ölkələrin əlində oyuncağa çevirməsin. Həqiqətən də səmimi şəkildə sülhdən yana olsun, bölgədə konstruktiv əlaqələrin, ölkələr arasında dinamik münasibətlərin formalaşmasına müsbət mənada təkan versin. Yalnız o mərhələdə Azərbaycan-Ermənistan münasibətləri pozitiv istiqamətdə irəliləyə bilər, bu problemlər həllini tapa və bölgədə sülh üçün real zəmin formalaşa bilər. "