Onlar hansı fiqura malikdir ki, dövlət onlardan ehtiyat edib, həbs etsin? - Ramiz Alıyev - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Aİ nümayəndəsi Piter Stano Azərbaycanla bağlı verdiyi açıqlamasında məsələyə yalnış tərəfdən baxır."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:

"İstər Piter Stano, istərsə də digər Aİ rəsmiləri bir ölkə haqqında irad bildirəndə mütləq şəkildə həmin ölkənin qanunvericiliyinə baxmalıdır. Ümumiyyətlə məsələlərin nədən ibarət olduğunu bilməlidir. Jurnalistlərin necə fəaliyyət göstərdiyini, hansı səbəbdən, kimin, necə, harda həbs olunduğunu bilməlidir. Azərbaycanda müxalifət yönümlü jurnalistlərin, siyasətçilərin, blogerlərin, qeyri-hökümət təşkilatlarının necə fəaliyyət göstərməsini və maliyyəsiz fəaliyyət göstərməsini gördükdə təəccüblə fikirləşməlidir ki, əgər həqiqətən də Azərbaycan dövləti insanları siyasi baxışına görə həbs edirsə, niyə məsələn, siyasi fəallığı ilə hakimiyyəti, dövləti daha çox irad atəşinə tutanlar bu gün azadlıqdadır və bu gün rahat şəkildə dövləti, dövlətçiliyi, hakimiyyəti, prezident olan şəxsi tənqid edirlər. Bəs bunlar niyə cəzalanmayıb? Bu fərqi hiss etməlidirlər. Onlara bu sözlər deyilər ki, onların obyektiv açıqlamalar vermək istəyi olur. Kim ki, obyektiv qərar qəbul edib, açıqlamalar vermək istəyirsə, biz bu məsləhətləri onlara veririk.
Təəssüflər olsun ki, Piter Stano və digər Aİ rəsmiləri Azərbaycanla bağlı qərəzli mövqedən başqa heç bir mövqe sərgiləmir. Onlar üçün məsələnin özünün nədən ibarət olduğu maraqlı deyil. Onlar öz maraqlarından baxdıqları üçün bu gün yalnış bəyanatlar səsləndirirlər. Məsələn mən deyim ki, Azərbaycanın milli təhlükəsizlik konsepsiyası var və onun tərkib hissələrindən biri də məhz elə informasiya təhlükəsizliyidir. İnformasiya təhlükəsizliyi mütləq şəkildə dövlətin əleyhinə hər hansısa təxribat dolu fəaliyyətdə olarsa istər jurnalist, istər müsahibə verən, istər alan, istər dərc edən əgər Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına zərər verə biləcək addım atırsa, mütləq şəkildə onlara aidiyyatı orqan tərəfindən xəbərdarlıq edilir və bu dəfələrlə baş verib. 

Siyasi şərhçi bir çox jurnalistlərə Azərbaycanın Baş Prokurorluğu tərəfindən dəvət olunaraq bu cür məsələlərin dövlətçiliyə və milli təhlükəsizlik konsepsiyasına zərər verdiyi barədə xəbərdarlıq olunduğunu bildirib. 

"Bu gün jurnalist fəaliyyəti ilə məşqul olub, jurnalist fəaliyyəti adı altında müəyyən təxribatlarla məşğul olan, dövlət, xalq əleyhinə olan işlərdə, xarici xüsusi xidmət orqanlarının aləti olan, onların ölkəmizdə tapşırıqlarını yerinə yetirən, bunun qarşılığında müəyyən vəsaitləri əldə edən şəxslər varsa, onlar mütləq şəkildə hüquq mühafizə orqanları, təhlükəsizlik xidməti əməkdaşları tərəfindən müəyyən olunacaq və lazımlı cəzalar tətbiq olunacaqdır",-deyə o, əlavə edib. 

Məhkəmənin verdiyi qərara və höknə əsasən onlar cəzalanır. Bu günlərdə adları sadalanan jurnalistlərin, siyasi fəalların siyasi baxışlarına, fəaliyyətlərinə görə həbs olunmadıqlarını bildirən Ramiz Alıyev davam edir:

"Əgər belədisə, Tofiq Yaqublunun yanında gəzdiyi Əli Kərimli həbs olunar, ən çox radikal çıxışlar ona məxsusdur. Cəmil Həsənli, Gültəkin Hacıbəyli və s. həbs olunar. Niyə onlar həbs olunmur, Tofiq Yaqublu həbs olunur? Tofiq Yaqublu və ya digərləri hansı böyük fiqura malikdir ki, ölkə, hakimiyyət üçün qorxulu bir fiqur olsun ki, ondan ehtiyat etsinlər ki, o həbs olunsun. Bu gülməlidir. Nəinki Tofiq Yaqublu, nəinki Əli Kərimli, nəinki başqa radikal partiya nümayəndələri. 5 min üzv yığa bilməyən adam necə təhlükə ola bilər? Partiyanı qeydiyyatdan keçirtmək üçün 5 min üzvü yığa bilməyən siyasi partiyalar Azərbaycan üçün hansı təhlükəni yaradacaq? Aİ üçün önəmli məqam odur ki, Azərbaycan dövlətinə zərər verəcək bəyanatlar, Azərbaycanın əleyhinə qərəzli fikirlər olsun. Çünki, Azərbaycan bu gün nə Qərbin, nə başqa bir ölkənin tapşırıqlarını yerinə yetirmir. Azərbaycan xalqın sevdiyi və seçdiyi lider tərəfindən idarə olunur. Hansısa bir fondların, ittifaqların, beynəlxalq təşkilatın, xüsusi dairələrin tapşırığı ilə idarə olunmadığına və helə bir lideri olmadığına görə Azərbaycana qarşı təbii ki, bu cür qərəzli fikir səsləndiriləcəkdir. Dünyanın hər bir ölkəsində siyasi fəaliyyətinə görə müəyyən jurnalistlər, siyasi blogerlər həbs olunur. Bizdə isə tam əksi, siyasi baxışına görə heç kim həbd olunmur. Bu gün görə bilirik ki, siyasi baxışına görə insanlar sərbəstdir. Bu gün Əli Kərimli, Gültəkin Hacıbəyli, Arif Hacılı, Cəmil Həsənli, Xədicə İsmayıl və digərləri Azərbaycan dövləti ilə bağlı fikirlər səsləndirirlər və dövlətin, hakimiyyətin əleyhinə çıxış edirlər. Onlar həbs olunmur ki. Biz belə düşünsək, onda Aİ-ə üzv olan ölkələrdən bu yaxında Fransa Azərbaycan jurnalistinin öz peşə fəaliyyətini yerinə yetirməsinə əngəl yaradaraq, Azərbaycan jurnalistini həmin ərazidən çıxartmış və bir neçə müddət saxlayandan sonra onu ölkəmizə qaytarmışdır. Belə olduğu halda, hansı söz azadlığından, siyasi fəaliyyətdən söhbət aça bilər Aİ ya da hansısa beynəlxalq təşkilat, dövlət. Azərbaycanda bu gün istənilən şəxs öz siyasi görüşlərini açıq şəkildə bəyan edə, fikirlərini səsləndirə bilər. Amma, jurnalist adı, siyasi fəaliyyət adı altında digər qadağan olunmuş fəaliyyətlərlə məşqul olmaq lazım deyil. Həqiqətən siyasətlə məşqulsansa, siyasətlə məşqul ol. Hansısa xarici xüsusi xidmət orqanlarının agenti olaraq burda o şəbəkənin fəaliyyətini davam etdirmək istəyirsənsə, bu yalnışdır və Azərbaycan qanunları buna imkan vermir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31