Biz 7 fevraldan sonra tamamilə fərqli bir dizaynda Azərbaycan görəcəyik - Anar Əliyev - ÖZƏL
22 Dekabr 2023 21:58 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"2023-cü il dünyanın bir çox bölgələrində gərgin toqquşmalar və münaqişələrlə yadda qaldı. "
Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a olan açıqlamasında bildirib:
"Çox təəssüf ki, bu münaqişələrin bir çoxu 2024-cü ildə də davam edəcək. Dünyanın qlobal gücləri, dünyanın ayrı-ayrı bölgələrində geopolitik maraqlar uğrunda mübarizə aparan böyük güclər 2024-cü ildə həm də əhəmiyyətli seçkilər keçirməklə siyasi həyatlarında yeniliklər, dəyişikliklər etməyi planlayırlar. Xüsusilə də ABŞ və Rusiyada gələn il prezident seçkilərinin keçirilməsi, dünyanın ayrı-ayrı dövlətlərində prezident və parlament seçkilərinin keçirilməsi ilə yadda qalacaqdır. Hesab edirəm ki, bu proses dünyada yenidən dizayn edilməyə çalışılan dünya düzəninin formalaşdırılması iddialarına xüsusi ciddi bir təsiri olmayacaqdır. Xüsusilə, Rusiyada keçiriləcək prezident seçkilərini qeyd etmək istəyirəm. Çünki, seçkinin favoriti Vladimir Putindir. Onun növbəti müddət ərzində də Prezident seçiləcəyi ehtimalı kifayət qədər yüksəkdir. ABŞ-də keçiriləcək seçkilərdə isə respublikaçıların liderinin, Trampın qalib gəlmək şansları, mövcud Prezident Baydenin şansları ilə bərabər ölçülür. Ona görə də kifayət qədər gərgin bir situasiyada seçki marafonunun həyata keçiriləcəyi gözlənilir. Belə bir situasiyada ABŞ-nin Ukraynada Rusiyaya qarşı aparılan mübarizədə aktiv fəaliyyətdən bir qədər passiv fəaliyyətə keçəcəyini proqnozlaşdırmaq mümkündür. Amma eyni zamanda, hesab edirəm ki, bütünlükdə seçkilərin nəticəsindən asılı olmayaraq qlobal güc iddiaları uğrunda və dünyanın yenidən şəkilləndirilməsi istiqamətində aparılan mübarizə gələn il də davam edəcəkdir. Həmin seçki baş tutacaq dövlətlərdən biri də Azərbaycandır. Mən hesab edirəm ki, fevral ayının 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə Azərbaycanın özünün inkişafının yeni mərhələsinin əsası qoyulacaqdır. Biz 7 fevraldan sonra tamamilə fərqli bir dizaynda Azərbaycan görəcəyik. Böyük qələbələr, böyük uğurlar təməli üzərində bundan sonra iqtisadi inkişaf, əməkdaşlıq, birgə yaşayış, sülh platformasına çevriləcək bir Azərbaycanı müşahidə edəcəyik. Hesab edirəm ki, müdrik liderimiz, uzaqgörən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra səngər mübarizəsini, əsgəri mübarizəni deyil, digər istiqamətlərdə, siyasi, diplomatik, iqtisadi, idman sahələrində mübarizə meydanlarında qələbələrə imza atacaqdır. Eyni zamanda, 2024-cü il seçkiləri həm də bir İlham Əliyev fenomeninə hakimiyyətdə olduğu illərə xalqın mövqeyinin ifadəsi kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Azərbaycan xalqı, seçicisi bir nəfər kimi 20 il bundan öncə "mən Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini bərpa edəcəm, hər bir azərbaycanlının Prezidenti olacam. " digər vədləri ilə yanaşı, bu vədləri verən İlham Əliyevə öz sözlərini 100 faizlik yerinə yetirən bir lider olaraq dəstək olacaqdır, növbəti dəfə onun arxasında dayanacaqdır. Növbəti dəfə İlham Əliyev xalq birliyini nümayiş etdirəcəkdir. Fikrimcə biz bundan sonra İlham Əliyevin liderliyi altında bölgəmizin yenidən dizayn edilməsi proseslərini görəcəyik. Necə ki, ötən 20 illik fəlaliyyəti dövründə İlham Əliyev Azərbaycanı yenidən dizayn etdi, Azərbaycanın müstəqillik dövrümüzdən bəri heç vaxt görmədiyimiz hətta bir çox hallarda ümid etmədiyimiz yüz faizli ərazi bütövlüyünü təmin etdi. Dövlət suverenliyimi reallaşdırdı. Hesab edirəm ki, bundan sonrakı mərhələdə biz artıq İlham Əliyevin liderliyi altında bölgəmizin yenidən dizaynını, yeni əməkdaşlıq, yeni iqtisadi nəqliyyat-kommunikasiya əlaqələrinin, yeni qlobal layihələrin həyata keçirilməsini və bölgəmizin dünya üçün unikal inkişaf edən iqtisadi inkişaf bölgəsinə çevrilməsini müşahidə edəcəyik. 2024-cü ildə keçiriləcək ən əhəmiyyətli seçkilərdən biri, bəlkə də birincisi qalib Azərbaycan xalqının fevral ayının 6-də reallaşdıracağı Azərbaycandakı prezident seçkiləri olacaqdır. "