2024-cü il seçkiləri isə bütövlükdə konvensional seçkilərdən tamamilə fərqlənəcək - Şəbnəm Həsənova - ÖZƏL
22 Dekabr 2023 20:52 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"2024-cü il seçkilər üçün rekord il olmaqla, tarixə seçki ili kimi düşəcək desək, yanılmarıq. "
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bunu isə fərziyyələr deyil, reallıqlar və statistik rəqəmlər deyir. Belə ki, ABŞ-nin siyasət institutu olan Amerika Tərəqqi Mərkəzinin məlumatına görə, dünyanın 50 ölkəsində seçkilərin keçiriləcəyi planlaşdırılır ki, ABŞ, Hindistan, Meksika və Cənubi Afrika da daxil olmaqla 2 milyarddan çox seçicinin seçki məntəqələrinə üz tutacağı proqnozlaşdırılır. Hindistanda 2024-cü ilin aprel və may ayları arasında keçiriləcək seçkilərin isə Böyük Britaniya siyasət institutu Chatham House tərəfindən dünyanın ən böyük seçkisi olacağı deyilir. Seçkilərin fərqlənən cəhətlərindən biri də Meksika tarixində müşahidə olunacaq. Belə ki, ilk dəfə olaraq iki əsas prezidentliyə namizəd qadınlardır. Aİ seçkiləri isə bir çox sərhədləri keçdiyi üçün bunun dünyanın ən böyük transmilli seçkiləri olacağı deyilir.
Ümumiyyətlə, seçkilərə səbəb geosiyasi dəyişkənlikdir. Müharibə və iqtisadi sarsıntılar fonunda potensial geosiyasi risklər də olmaqla xarici kommersiya maraqlarına qarşı yeni ticarət siyasətinə müdaxilələrin sayı artır. Beləliklə də beynəlxalq ticarət getdikcə çətinləşir. Qlobal miqyasda isə ənənəvi aktorlardan başqa getdikcə daha vacib geosiyasi aktorlar üzə çıxır.
Avropada davam edən müharibə və ABŞ-Çin iqtisadi gərginliyinin davam etməsini nəzərə alsaq qlobal miqyasda sarsıntılar, təlatümlər, ciddi dəyişkənliklər gözlənilir. Geosiyasi və geoiqtisadi münasibətlərdə davam edən dəyişkənlik həm dövlət, həm də özəl sektor üçün risklərlə doludur. Bu həm də beynəlxalq iqtisadi münasibətlərdə artan düşmənçilik tendensiyasından xəbər verir. Daha yüksək biznes xərcləri, ticarət məhdudiyyətləri, bazarın qeyri-sabitliyi və "siyasətlərdə kəskin dəyişikliklər" bunu dəstəkləyən amillərdən bəziləridir.
Bütün bu mənfi tendensiyalar fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət bölgəmizi regional və qlobal riskli təhlükələrdən qoruyur. Ölkəmizdə keçiriləcək seçkiləri xalqımız Zəfər seçkiləri kimi tarixi əhəmiyyətli hesab edərək, cəmiyyətimizə sızdırılmağa çalışılan mənfilikləri tamamilə geri itələyir. Tərəfimizdən təklif edilən regional əməkdaşlıq platformaları üzərində ciddi iş gedir ki, iqtisadi inkişaf da geosiyasi sabitliyi şərtlərindən başlıca amillərdən biri hesab olunur.
2024-cü il seçkiləri isə bütövlükdə konvensional seçkilərdən tamamilə fərqlənəcək. Belə ki, generativ süni intellekt, botlar, sosial media heç vaxt olmadığı qədər yalan hekayələri, dezinformasiyaları sürətləndirəcək. Burada isə əsas hədəf rəqibin aradan çıxarılmasıdır. Bunlardan biri kimi yüksək profilli fiqurların rəqəmsal olaraq real videolarda klonlaşdırılaraq imicinə zələl gətirilməsidir. Hesab edilir ki, dezinformasiya 2024-cü il seçkiləri ərəfəsində daha geniş miqyasda yayıla bilər. Burada isə dövlətlərin üzərinə böyük yük düşür. Belə ki, saxtakarlıqların təhlükələri haqqında ictimaiyyətin məlumatlılığı artırılmalı, saxta şəkillər tanıdılmalı, maarifləndirmə aparılaraq cəmiyyətin onlayn gördüklərini sorğu-sual etmələrinə kömək tədbirləri həyata keçirilməlidir. Bizdə el arasında belə bir deyim var ki, insan eşitdiyinə deyil, gördüyünə inanar. Müasir elm və texnologiya artıq işıq sürətilə inkişaf etdiyindən düşünürəm ki, insanlar hətta gördüklərini belə hər zamankindən daha çox yoxlamalıdırlar. "