Rusiya və ABŞ-də baş tutacaq seçkilər... - Sultan Zahidov - ÖZƏL
22 Dekabr 2023 19:36 Siyasət"Ümumiyyətlə, seçki prosesinin özü yox, onun nəticəsi dünya düzəninə müəyyən təsir göstərə bilər. "
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Seçki keçirilən ölkədə prosesin nəticəsində hakimiyyətə hansı düşüncəyə, vizyona malik hökumətin gəldiyi, onların daxili və xarici siyasət kursunun hansı səpkidə olacağı vacib məsələlərdir. Aydındır ki, hakimiyyətə sağçı qüvvə gəlirsə, daha çox konservativ və mühafizəkar, ənənəvi tip siyasət yürüdüləcəkdir. Xarici siyasət də ona uyğun şəkildə müəyyən olunacaq. Əgər solçular və yaxud daha liberal düşüncəli biri gələrsə, ona uyğun siyasət yürüdəcək. Təbii ki, burada nəticə prosesin özündən daha vacibdir. Ümumiyyətlə, dünya düzəninə təsir etmək baxımından yanaşsaq, neçə ölkədə seçki keçirilməsinin sayı deyil, hansı ölkələrdə keçirilməsi məsələsi vacibdir. Bilirsiniz, beynəlxalq münasibətlərdə ölkələr müəyyən kateqoriyalara görə bölünür: kiçik ölkələr, regional ölkələr, böyük dövlətlər və supergüclər. Dünya düzənindəki proseslərə təsir baxımından biz ilk öncədə supergüclərdə baş verən seçkiləri izləyirik. Supergüclərdə baş verən seçkilərin nəticələri dünya düzəninə daha çox təsir etmək iqtidarındadır, nəinki kiçik ölkələrdə baş verən seçkilər. Qvatemolada seçkilər baş verirsə və hakimiyyət dəyişirsə, bunun dünya düzəninə elə də bir təsiri olmayacaq. Rusiyada, ABŞ-də, Çin kimi ölkələrdə seçkilərin keçirilməsi və yeni daxili, xarici siyasi kursa malik hökumətlərin hakimiyyətə gəlməsi dünya düzəninə təsir etmək iqtidarındadır. Məsələn gələn ilin mart ayında Rusiyada seçkilər olacaq. Sözsüz ki, bu seçkiləri bütün dünya yaxından izləyəcək. Amma Rusiyadakı seçkilərdə hər hansısa bir yeniliyin baş vermə ehtimalı bir o qədər böyük görünmür. Bir çox mütəxəssislərə, rəylərə görə Putin yenidən qalib gələcək. Putinin qalib gəlməsi isə Rusiyanın daxili və xarici siyasətində hər hansı dəyişikliyin olmaması anlamına gəlir. Amma ABŞ-də baş verəcək seçkilər bu aspektdən daha fərqlidir. Çünki, ABŞ-də vəziyyət fərqlidir. Respublikaçıların hakimiyyətə gəlməsi ehtimalı böyükdür. Əgər Donald Tramp seçkilərdə namizəd olacaq və qalib gələcəksə, artıq ABŞ-nin daxili, xarici siyasət kursu, o cümlədən Ukrayna siyasətində dəyişiklik baş verəcək. Biz bilirik ki, respublikaçılar ABŞ-nin Ukraynaya dəstək göstərməsində maraqlı deyillər. ABŞ-nin Ukraynaya azalan dəstəyi fonunda Ukraynanın Rusiyaya sürətli şəkildə məğlub olması və Rusiyanın bu regionda daha da möhkəmlənməsi deməkdir. Bəli, bu artıq dünya düzənində müəyyən dəyişikliyin sezilməsi deməkdir. Bu baxımdan Rusiya və ABŞ-də baş tutacaq seçkilər dünya düzənin öyrənilməsi və təhlili baxımından daha vacibdir, nəinki digər ölkələrdə. "