Prezident İlham Əliyev onlara xəbərdarlığında yeganə çıxış yolunu göstərmişdi - Elmir Səftərov - ÖZƏL

"2020-ci ildə Vətən müharibəsi ilə başlayan Qarabağ Zəfəri bu ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşdı. Beləliklə, ərazi bütövlüyümüz və bütün ölkə ərazisində suverenliyimiz tam təmin edildi. Hazırda isə bütün Qarabağ bölgəsində Azərbaycanın Dövlət Bayrağı dalğalanır."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:

"Dekabrın 21-də isə Azərbaycan xalqı və dünya ictimaiyyəti tarixi hadisəyə şahidlik etdi. Belə ki, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları qarşılaşdı. Bu hadisə sadəcə bir idman yarışını özündə ehtiva etmirdi, həm də mürəkkəb siyasi proseslərin həllini dünyaya bəyan edən Qələbə çaları idi. Bir vaxtlar erməni separatçılarının özününküləşdirmək istədiyi, dünyaya erməni idman mədəniyyətinin bir dəyəri kimi təqdim edilən stadiona artıq öz sahibləri qayıdıb. Bir vaxtlar Xankəndi stadionunda Ermənistana məxsus, separatizmi əks etdirən bayraqlar, atributlar asılmışdısa, bu gün onlar sözün həqiqi mənasında, "Miatsum" ideologiyası ilə birlikdə tarixin zibilliyinə atıldı. 

Cari ilin mayın 28-də Laçından separatçılara səslənən Prezident İlham Əliyev onlara xəbərdarlığında yeganə çıxış yolunu göstərmişdi:

"Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və "parlament"i buraxmaqdır". Təxminən 4 ay sonra isə xəbərdarlıq praktiki addımlarla əvəz olundu. Nəticə isə göz qabağındadır. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər Ermənistanla, onun himayədarlıq etdiyi qanunsuz silahlı birləşmələrlə ancaq onların başa düşdüyü dildə danışmaq lazım olduğunu göstərdi. Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər qandallanaraq Bakıya gətirildi. Həmin şəxslər bir vaxtlar öz himayədarlarına güvənərək Azərbaycana meydan oxuyurdu. İndi isə onlar acizanə şəkildə etdikləri cinayətlərlə üzləşdirilir. Saxlanılanların Ermənistanla əlaqələri onu deməyə əsas verir ki, həmin şəxslər məxfi məlumatlara sahibdirlər. İstər itkin düşmüş azərbaycanlıların taleyi, istərsə də mina xəritələrinin təxmini yeri ehtimal olunan məsələlər sırasındadır.
Artıq işğaldan azad edilmiş digər bölgələrimizdə olduğu kimi Xankəndidə də önəmli tədbirlərin, beynəlxalq konfransların, mədəni tədbirlərin və idman yarışlarının keçirilməsinə futbol matçı ilə start verildi. 
Fəaliyyətə başlayacaq Xankəndi Universiteti Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda erməni cinayətlərinin dünya ictimaiyyətinə elə separatçıların bir vaxtlar olduğu yerdən elmi tədqiqatlarla, yazılan məqalələrlə çatdırılmasına imkan verəcək. Həmçinin universitetdə xarici tələbələrin də təhsil almasına şərait yaradılacağını ehtimal etmək olar. Bu da Azərbaycan həqiqətlərinin təbliğində böyük rol oyanacaq və düşmənə göz dağı olacaq. Digər bir məsələ isə Xankəndiyə qayıtmaq istəyən ermənilərin Qarabağ Universitetində Azərbaycan dilində təhsil alması, Zəfər tariximizin öyrənilməsi, dövlətçilik ənənələrimizi mənimsəməsi gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31