Gələn il keçiriləcək əsas seçkilər dünyadakı proseslərə ciddi şəkildə təsir edə biləcək - Oqtay Qasımov - ÖZƏL
21 Dekabr 2023 18:30 Siyasət"2024-cü il dünyanın əksər ölkələrində seçki ilidir. "
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Xüsusilə də dünyada gedən proseslərə ciddi şəkildə təsir edən iki ölkə, - ABŞ və Rusiyada da prezident seçkiləri keçiriləcək. Rusiyada böyük ölçüdə seçkilərin nəticələri məlumdur. Belə ki, hazırki Prezident Putinin bu seçkilərdə hansısa ciddi bir rəqibi görünmür. Bu baxımdan, Rusiyanın bundan sonrakı dövrdə də siyasətində hansısa bir dəyişikliyin olacağı ehtimal olunmur. O ki, qaldı ABŞ-ə, əlbəttə, burada vəziyyət fərqlidir. Belə ki, hazırki Prezident Bayden və onun əsas rəqibi kimi keçmiş Prezident Donald Tramp görünür. Hazırki rəy sorğularına görə də Donald Trampın durumu Baydenə nisbətən daha yaxşıdır. Son dövrlər Baydenin reytinqi ciddi şəkildə düşüb. Bu həm aparılan siyasətin çox da effektiv olmamasının nəticəsidir. Belə ki, Amerika seçiciləri son dövrlər iqtisadi problemlər, o cümlədən, immiqrantlarla bağlı siyasətdən çox da məmnun deyillər. Bu da Baydenin şanslarını azaldır. Digər tərəfdən Baydenin həddən artıq yaşlı olması və müəyyən anlarda qeyri-adekvat hərəkətləri də seçicidə müəyyən suallar yaradır. Bu baxımdan ABŞ seçkilərinin dünyadakı proseslərə təsiri daha çox görünəcək, belə ki, əgər Bayden hakimiyyətini qoruyub saxlayacaqsa onun ikinci müddətində aparılan siyasət dəyişməz olaraq qalacaq. Yox, əgər onun rəqibi qələbə qazanarsa o zaman Amerikanın siyasəti 2016-2020-ci illər dövrünə qayıtmış kimi görünəcək. Belə olduğu halda dünya nizamında müəyyən dəyişikliklərə səbəb olacaq. Donald Trampın Rusiya ilə münasibətləri Baydenə nisbətən daha yumuşaq idi və Amerika bölgədən xeyli dərəcədə dünya işlərindən müəyyən qədər daxilə yönəlik siyasət həyata keçirirdi. Bu da dünyadakı proseslərə fərqli yöndən təsir edə bilirdi. Bütün hallarda, gələn il keçiriləcək əsas seçkilər dünyadakı proseslərə ciddi şəkildə təsir edə biləcək deyə ehtimal olunur. "