Bu gün Qarabağa, Xankəndinə öz sahibləri qayıdır - Sahil Kərimli - ÖZƏL
21 Dekabr 2023 18:16 Siyasət"Bu gün Xankəndidə keçirilən futbol qarşılaşması Azərbaycan xalqının ömür boyu unuda bilməyəcəyi, fəxr və qürur dolu xatirələrlə yadda qalacaq bir hadisə oldu."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli qeyd edib:
"Biz Azərbaycan dövlətinin gücünü, qüdrətini, suverenliyi və ərazi bütövlüyü öz gücünə bərpa edilən bir ölkənin xoş məramını bir daha bütün dünyaya Xankəndidən nümayiş etdirdik. Xüsusilə də, möhtəşəm tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı, dövlət başçımızın tarixi çıxışı, şəhid ailələrinin üzvləri, şəhid övladları ilə səmimi görüşləri yaddaqalan oldu. Uzun illərdən sonra azad Xankəndidə keçirilən bu idman tədbirinin müasir Azərbaycan tarixində özünməxsus yeri olacaq. Çünki, biz 30 ildən çox işğalda saxlanılan torpaqlarımıza qayıdırıq, bu əraziləri sıfırdan qurub, yaradırıq, tarixi yurd yerlərimizə yeni nəfəs, yeni həyat gətiririrk. Əgər, bir neçə ay öncə bu yerlərdə separatizm, terrorçuluq ab-havası var idisə, bu gün artıq həmin meyllər tarixin zibilliyinə atılıb. Bu gün Qarabağa, Xankəndinə öz sahibləri qayıdır, özü də belə möhtəşəm və qürurverici hadisələrlə. Biz bu əvəzsiz hissələri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun qalib ordusuna borcluyuq. Bundan sonra Qarabağın hər bir guşəsi ancaq xoşməramlı tədbirlərə, yeni və firəvan həyata şahidlik edəcək. Biz bu torpaqlarda əbədi məskən salacağıq."