Bu tarixi günlərdən biri idi-Əli Zülfüqaroğlu - ÖZƏL
21 Dekabr 2023 18:11 Siyasət"Xankəndi Qarabağın mirvarisi və Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Tarixən bizim olan bu şəhər ermənilər tərəfindən daim separatizm mərkəzi olaraq istifadə olunub."
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O, bildirib ki, Azərbaycanın son antiterror tədbirlərindən sonra Xankəndi əsil sahiblərinə qovuşdu:
"Hesab edirəm ki, Xankəndidə keçirilən oyun Azərbaycanın bütövlüyünü, zəfərini simvolizə etsə də, eyni zamanda bölgədə sülhün, əmin-amanlığın rəmzidir. Dövlət başçısının şəhid ailələri, şəhidlərin övladları ilə birlikdə qarşılaşmanı seyr etməsi Azərbaycan dövlətinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən əziz şəhidlərimizin ruhuna olan ehtiramın göstəricisidir. Prezident qarşılaşmadan əvvəl çıxışında önəmli məqamlara toxundu. Azərbaycan liderinin təşəbbüsləri ilə reallaşan əlamətdar hadisələr xalqımızın birlik və bərabərliyinə, özgüvəninə hesablanıb. Bu tarixi günlərdən biri idi və hesab edirəm ki, Azərbaycan tarixində yaddaqalan günlərdən biri olacaq".