Əvvəl - axır yeniliklər nə vaxtsa köhnəlir..- ÖZƏL
21 Dekabr 2023 17:32 Siyasət"Seçkilər yeniliklərə özünəməxsus bir anonsdur. "
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bir çox dövlətlərdə bu seçkilər vaxtından tez keçirilirsə, bunlar əlbəttə ki, siyasi elitaların artıq yeni islahat paketlərinin dövriyyəyə buraxılması ilə bağlıdır. Çünki, əvvəl-axır yeniliklər nə vaxtsa köhnəlir, yeni çağırışlar üzə çıxır. Bir halda ki, dəyişiklik qaçınılmazdır, onda dövlət rəhbərləri, idarə edən elitalar bəzi proseslərin qarşısını almağa çalışırlar. Bəzi hallarda gecikmələr çox fəsadlar yaradır, çətin bir böhran şəraitinə yol açır. Ona görə də o ipucları ki, hakim dairələrdə var, onlar özləri hesablamalar aparırlar, proqnozları formalaşdırırlar və eləcə də onların ətrafında olan beyin mərkəzləri elə bir gedişləri təklif edirlər ki, bəzi hallarda arzuolunmaz məqamları qabaqlamaqdan ötrü vaxtında yə erkən şeçkilər keçirilsin. Onların nəticələri bəlli olduqdan sonra dərhal yeni islahatlara başlanılsın. Təbii ki, hər dövlətin özünün inkişaf modelləri var, inkişaf cərəyanları, paradiqmaları var. Əlbəttə bunlarla bağlı onlar həm də yeni diskusları işləməklə dünyada gedən proseslərin də vəziyyətlərini, tələblərini nəzərə alırlar. Çalışırlar ki, ətraf dövlətlərdə olan inkişaf meyillərindən geri qalmasınlar, kimlərinsə modellərinə yiyələnirlər, yeni mexanizmləri artıq mənimsəyib istifadəyə buraxırlar. Bu baxımdan əlbəttə ki, dünyada elə dövlətlər var ki, onlar mütərəqqi üsulları vaxtında anlayırlar, onların üzərində öz əlavələrini edirlər və beləcə istifadəyə buraxırlar. Mən düşünürəm ki, seçkilər də məhz bu konteksdə qəbul olunmalıdır. "