Adi bir futbol matçı ilə dünyaya mesajlar vermiş olduq - ÖZƏL
21 Dekabr 2023 16:29 Siyasət"Xankəndidə oynanan futbol oyunu əslinə qalanda böyük siyasi əhəmiyyətə malik hadisədir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bu, sıradan bir futbol matçı deyil, futbol qarşılaşması deyil, bütün dünyaya Xankəndinin kimə aid olduğunu göstərən bir faktdır. Yəni dünya anlamalıdır, qəbul etməlidir ki, özəlliklə də ermənilər qəbul etməlidir ki, Xankəndi Azərbaycan şəhəridir, ümumiyyətlə, Qarabağ Azərbaycandır, orada hökm sahibi məhz Azərbaycan dövləti və Azərbaycan xalqıdır və bütün dünyanın da bununla hesablaşması qaçılmazdır. O baxımdan mən düşünürəm ki, bu oyunun burada keçirilməsi böyük siyasi əhəmiyyət daşıyır.
Digər tərəfdən, Azərbaycan prezidentinin açılışı zamanı oyun başlamazdan öncə etdiyi çıxış, verdiyi mesajlar mənə elə gəlir ki, bizimlə çilingağac oynamaq istəyən mərkəzlərə əlavə bir çağırışdır. Yəni onlar daşı ətəklərindən tökməlidirlər, Azərbaycanla hesablaşmalıdırlar, ümumiyyətlə reallıqla barışmalıdırlar. Mən düşünürəm ki, adi bir futbol matçı ilə biz dünyaya bu mesajları vermiş olduq".