Fantastik görünən məsələlər reallığa çevrilir - ÖZƏL
21 Dekabr 2023 16:06 Siyasət""Qarabağ" "MOİK" futbol oyununun Xankəndi stadionunda keçirilməsi böyük bir hadisədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Biz tarixi hadisələrin şahidiyik. Xankəndi 100 il idi ki, adı Azərbaycanın idi, amma onun xeyrini də, orada hökmranlıq eləməyi də ermənilər həyata keçirirdi və bu, bizim ən ağrılı məsələlərimizdən biri idi. Hətta elə məqamlar olurdu ki, Xankəndinin azad olunacağı, bizim ora gedib çıxacağımızla bağlı məsələlər bəzi məqamlarda bəzən fantastik görünürdü. Artıq bu fantastik görünən məsələlər reallığa çevrilir. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram ki, onlar müzəffər Ali Baş Komandanın əmri ilə bax bu möhtəşəm anları Azərbaycan xalqına yaşatdılar və yaşatmağa da davam edirlər.
Bu futbol oyunu simvolik bir məsələdir və bu futbol oyunu həm də onun göstəricisidir ki, bundan sonra Xankəndidə əbədi olaraq istər idman, istər mədəniyyət, istər iqtisadiyyat, istər hərbi, bütün sahələrdə, hamısında məhz biz olacağıq, Azərbaycanın adı olacaq. Hər yerdə "Qarabağ Azərbaycandır!" şüarlarının şahid olacağıq və erməni lobbisinin diasporasının 200-300 illik məsələlərini, ideoloji fəaliyyətlərini, "böyük Ermənistan" ideyasını darmadağın edərək, o "böyük Ermənistan" ideyasının qarşısına "Qarabağ Azərbaycandır!" şüarı ilə çıxıb, onu darmadağın elədik. Biz "dənizdən-dənizə böyük Ermənistan" ideyasını güclü və böyük Azərbaycan ideyası ilə darmadağın etdik. Bu gün biz o möhtəşəm anları yaşayırıq. Xankəndidə futbol oyunu da, Xankəndidə baş verən hadisələr də, Qarabağda gedən bütün proseslər də göstərir ki, bundan sonra da bu bölgədə, bu ərazidə də biz olacağıq. Cənubi Qafqazda da biz varıq, Cənubi Qafqazın ən güclü dövləti də bizik və Cənubi Qafqazdakı sülh və təhlükəsizlik təminatı məsələlərini də bundan sonra məhz Azərbaycan həll edəcək".