Radikalların "boykot tamaşası" arxasında məkrli planlar durur
22 Dekabr 2023 14:08 SiyasətHər bir seçki siyasi partiyalar üçün növbəti mübarizə platformasıdır. Bu baxımdan normal və sivil qaydada, ciddi sosial dayağa sahib olan partiyalar 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakda maraqlı olmalıdır. Çünki seçki partiyalar üçün növbəti siyasi yarış üçün vacib situasiyadır. Azərbaycanda mövcud olan azad rəqabət seçki mühitində özünə, elektoratına güvənən siyasi təşkilatlar bu seçkiyə böyük həvəslə qatılır. Çox təəssüf ki, seçkilərdən öz siyasi maraqları üçün istifadə edənlər də tapılır. Bunu Milli Məclisin deputatı, Təftiş Komissiyasının sədri Sevinc Hüseynova qeyd edib ki, hər zaman açıq, demokratik seçki yarışından çəkinən ancaq qaragüruhla məşğul olan siyasi partiyalar üçün isə seçki prosesi acı məğlubiyyət fonunda çətin bir mənzərə kimi görünür. AXCP və Müsavatın növbədənkənar seçkilərlə bağlı tutmuş olduğu "mövqe" bu baxımdan onların əsl mahiyyətini bir daha göstərmiş olur: "Sağlam rəqabət əvəzinə təxribatları seçən destruktiv müxalifətin yanaşması seçkiləri qərəzli şəkildə "boykot" etməsi xarici qüvvələrə xidmətin əyani təzahürüdür. Çünki "boykot" siyasi rəqabət metodu deyil. Bu sadəcə olaraq qərəzli informasiya və manipulyasiyalar üçün münbit şərait yaradan "siyasi texnologiyadır". Həmçinin "boykot" - sifarişli təxribatdır. "Kirli" texnologiyaların klassik növü hesab olunan "boykotdan" əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyalar yaratmaq üçün istifadə edilir". Millət vəkili hesab edir ki, bu hiyləgər addım olmaqla yanaşı bilavasitə təxribatlara yol açan siyasi riyakarlıqdır: "Sözsüz ki, bu kimi yanaşmalar "ikili standartlar" siyasətinin mahiyyəti olaraq ortaya çıxır. Beynəlxalq münasibətlər sistemində isə bu kimlərinsə sonu bilinməyən geosiyasi "iştahalarının" təzahürüdür. Məhz radikal təfəkkürün əsasında da kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. Acıq, nifrət, natamamlıq, xainlik kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir".
Deputat bildirib ki, "boykot" pərdəsi altında radikallar öz zəifliyini gizlətməyə çalışır: "Yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə az sayda olan öz tərəfdaşlarına belə arxa çevirir. Əslində isə "boykotun" elan olunması həmdə onların mənəvi məğlubiyyətidir. Reallıq odur ki, "Siyasi partiyalar haqqında" yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib". Sevinc Hüseynova vurğulayıb ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da xüsusi mahiyyətə malikdir: "Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Amma bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri "boykot" qərarı onların çirkin niyyəti ilə izah olunur".
Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra gələcək inkişafı, yeni hədəflərin, uğurların əldə olunması, dövlətimizin beynəlxalq aləmdə iqtisadi və siyasi nüfuzunun daha da artırılması üçün növbədənkənar Prezident seçkilərinin keçirilməsini labüd etmişdir: "Ölkə başçımızın 7 fevral 2024- cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə Sərəncamı Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi idi. Azərbaycanda dövlət reyestrindən keçmiş bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün demokratik və şəffaf mühit yaradılmışdır. Yaradılmış bu şəraitdən yararlanıb seçkilərdə öz namizədini irəli sürüb, sivil və qanuna müvafiq şəkildə sağlam rəqabət aparmaq əvəzinə, radikal müxalifət öz xislətlərinə uyğun hər seçkidə olduğu kimi bu dəfəki növbədənkənar Prezident seçkilərini də boykot etməyə çağırış edir. Seçkilərlə bağlı boykot çağırışı xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət hər zaman dövlətə, xalqa qarşı müxalif mövqe nümayiş etdirib. Vətən müharibəsi dövründə belə siyasi həmrəylik nümayiş etdirmədi. Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etmək əvəzinə qərəzli, çirkin bəyanatlar səsləndirməyə üstünlük verdilər. Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir və siyasi stabilliyin pozulmasına xidmət edir. Radikalların bu addımları xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrin maraqlarına xidmət edir. Çünki adlarını müxalifət qoyub çirkin əməllərə əl atanlar xaricdəki ağalarından qrant almaq niyyəti güdür. Qərbdəki qüvvələrin məqsədi Azərbaycandakı siyasi stabilliyi pozmaq və ölkəmizin daxili məsələlərinə müdaxilə edərək seçki prosesində təxribatlar törətməkdir. Təəssüflər olsun ki, daxildə bu qüvvələrə yardım edən, qul kimi onlara itaət edən radikal müxalifət öz xalqına belə xəyanət edir. Ölkədəki radikallar ictimaiyyət arasında heç bir nüfuza malik deyil, rəqabət apara biləcək namizəd belə tapa bilmirlər. "Boykot" pərdəsi altında öz zəifliklərini ört-basdır etmək niyyəti güdür, hətta cüzi sayda olan tərəfdarlarına qarşı da xainlik edirlər. Radikalların "boykot" tamaşası arxasında bir sıra məkrli planlar durur, yəni cəmiyyətdə emosional gərginliyə nail olmaq, qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, seçkilər zamanı və sonrakı dövrdə beynəlxalq informasiya ajiotajı yaratmaq və təxribatları davam etdirmək. Populist çıxışlar edən, "Siyasi partiyalar haqqında " yeni Qanuna əsasən 5000 üzv toplamaq gücünə malik olmayan radikal müxalifət bir daha öz iç üzünü göstərdi".
Alim