Fransa Ermənistanı yeni müharibə üçün silahlandırır-Elçin Xalidbəyli- ÖZƏL

"Cənubi Qafqazda sülh prosesinin bloklanmasında maraqlı olan qüvvələr kifayət qədərdir. Ermənistan özü də sülh sazişinin imzalanmasına həvəsli deyil."

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:

"Ona görə də, rəsmi İrəvan bir tərəfdən sülh sazişinin imzalanmasından danışir.  Digər tərəfdən isə sülh sazişinin imzalanmasına   əngəl törədən şərtləri ön plana çıxarır.
Eyni zamanda, Cənubi Qafqazda geopolitik maraqları olan beynəlxalq güclər də sülh prosesinin uğur qazanmasında maraqlı deyillər. Çünki bu halda, həmin beynəlxalq güclərin Cənubi Qafqazda manevr etmək üçün geopolitik təsir mexanizmləri, ümumiyyətlə, qalmayacaq. Bu səbəbdən də, bəzi beynəlxalq siyasi iradə mərkəzləri Ermənistana müxtəlif vədlər verməklə, rəsmi İrəvanı sülh sazişinin imzalanmasından uzaq tutmağa, danışıqlar prosesini əngəlləməyə çalışırlar.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını istəməyən beynəlxalq siyasi iradə mərkəzləri sırasında Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasına iddialı ölkələr xüsusi yer tutur. Bu baxımdan,  ABŞ, Rusiya, Fransa və Avropa Birliyinin Cənubi Qafqazda sülh prosesini pozmaqda maraqlı olduqları qətiyyən şübhə doğurmur. Ona görə də, müxtəlif bəhanələr uyduraraq, Cənubi Qafqazda sülhün və əmin-amanlığın yaxın gələcəkdə mümkün olmadığı barədə təəssürat yaratmağa cəhd göstərirlər.
Ancaq  Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsi barədə anlaşma növbəti dəfə sübut etdi ki, birbaşa təmaslar sülh sazişinə apara biləcək ən optimal yoldur. Yəni, regiondan kənar güclərin pozucu müdaxiləsi olmazsa, Azərbaycan və Ermənistan ən qısa zamanda yekun sülh sazişini imzalaya bilər. Çünki hazırda  Azərbaycan və Ermənistan arasında yeni savaşın baş verməsi üçün elə bir ciddi səbəb mövcud deyil. Hələlik həllini tapmamış problemlərin isə ikitərəfli, birbaşa təmaslar ilə nizamlanması tamamilə mümkündür.
Təbii ki, sülh prosesinin belə pozitiv inkişaf perspektivləri vasitəçilik missiyasına iddialı beynəlxalq dairələri qətiyyən qane etmir. Ona görə də  Azərbaycan və Ermənistan arasında növbəti dəfə müharibə törətməyə çalışırlar. Fransa Ermənistanı yeni müharibə üçün silahlandırır, gücləndirməyə cəhd göstərir. Rusiya siyasi dairələri isə Cənubi Qafqazda yeni savaşın qaçılmaz olduğu barədə "qara propoqanda" aparırlar. Bu baxımdan, Cənubi Qafqazda yeni savaşın olub-olmayacağı hazırda daha çox Ermənistandan asılıdır. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və yeni müharibənin olmasını qətiyyən istəmir. Ancaq Ermənistan regionda sülh prosesini əngəlləməyə cəhd göstərən xarici güclərin təlimatları ilə hərbi təxribatlar törədərsə, bu halda, silahlı toqquşmaların baş vermə ehtimalı da arta bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31