İlham Əliyevin cəsarətli və ağıllı siyasəti Azərbaycanı qələbədən qələbəyə aparır- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Müasir dünyanın dövlət başçıları arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı rəhbər kimi yazılan Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün arzularını həyata keçirməyə, hadisələrin axarını dəyişməyə qadir, öz dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi liderdir". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun sözlərinə görə, son 20 ildə Azərbaycan modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub: "Praqmatizm, çevik və düzgün qərarlar qəbul etmək, hər bir addımı vaxtında atmaq, eyni zamanda, humanistlik Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Elə Azərbaycanın bugünkü inkişaf səviyyəsi, milli maraqların qətiyyətlə qorunması, Vətən müharibəsində qazanılmış parlaq və möhtəşəm Qələbə, suverenliyin tamamilə bərpası dövlətimizin başçısının sözügedən ali keyfiyyətləri sayəsində mümkün olub. Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən deyirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcək, hər bir azərbaycanlının Prezidenti olacaq, torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcək. Bütün bunlar artıq günümüzün həqiqətləridir, verilən vədlərin real həyatda təcəssümüdür. Əlbəttə ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Müharibədən sonrakı üç il Qələbəni siyasi və diplomatik müstəvidə möhkəmlətmək baxımından əlamətdar oldu və fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini də Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Cənab İlham Əliyevin cəsarətli, ağıllı və təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq Azərbaycanı qələbədən qələbəyə, növbəti zəfərlərə aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31