Ermənistandan başqa etibarlı bir tərəfdaş tapmaqda çətinlik çəkir..- Aqşin Kərimov - ÖZƏL
18 Dekabr 2023 13:02 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Fransa Cənubi Qafqaz oxunda regional tərəfdaşlar toplayıb öz tədbirləri barədə mövqe təqdim etməyə cəhd göstərir. " Bu fikirləri politoloq Aqşin Kərimov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Fransa üçün Cənubi Qafqazın həlledici geosiyasi məkan kimi qavranılması, məncə, Parisin qlobal teatrda sıxışdırılması prosesi ilə əlaqəlidir.
Amma Fransa Cənubi Qafqazda Ermənistandan başqa etibarlı bir tərəfdaş tapmaqda çətinlik çəkir və beləliklə, onun beynəlxalq arenada sıxışdırılmasının regiondakı əlamətləri də üzə çıxır. Fransa buna görə də, regionda əlinə ip keçirmək üçün hər cür siyasi və Ermənistanı silahlandıraraq qismən də hərbi avantüraya gedir ki, itkilərini kompensasiya etsin. Ancaq Parisin hərarəti regionda Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbətini dəyişə bilmək iqtidarında deyil. Çünki, Ermənistanın silahlandırılması prosesinin həddi Azərbaycanın hərbi qüdrətinin sərhədlərinə yaxınlaşa bilmir.
İkincisi, artıq regional geosiyasi kartlar Ermənistanın əleyhinə, Azərbaycanın lehinə dəyişib və bu, daha da irəliyə gedərək perspektiv regional layihələndirmədə İrəvanın yerini qeyri-müəyyən edir. Deməli, Fransanın uzunmüddətli hədəflərə hesablanan addımlarına çatmaq üçün daha çox vaxta ehtiyacı var. Lakin bu zaman intervalı Fransa üçün sərfəli nəticələr hasil etmir, çünki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyi, bu müttəfiqliyin beynəlxalq və regional dəstəkçiləri Parisin regional maraqlarının dövran marşrutunda tıxac yaradır.
Fransanın bunları nəzərə alaraq bəzi planlarının icrasını təxirə salacağını düşünmək olar, hərçənd onlar tamamilə Parisin gündəliyindən çıxarılmayacaq.
Bu o deməkdir ki, Fransa regional mürəkkəbliklər yaradaraq mövcud reallıqları dəyişmək cəhdlərinə davam edəcək. Ancaq Azərbaycanın çoxtərəfli siyasəti və bunun paralelində ordu qüdrətini yüksəltməsi Fransanın istədiyi mövqelərə çatmasını əngəlləyəcək. "