Prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin hüquqi müstəvidə təsbiti olacaq- ÖZƏL
18 Dekabr 2023 11:57 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
" 07 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri müstəqillik tarixmizdə ilk seçki olacaq ki, Azərbaycan Respublikasının bütün ərazisində təşkil olunacaq. Hər birimizə məlumdur ki, uzun illər idi ki, düşmən tapdağı altında qalan Qarabağ və ona bitişik ərazilərdə-beynəlxalq münasibətlərdə Boz Zona olaraq adlandırılan bu tip bölgələrdə-hüququn realizəsinin mümkünlüyü aradan qalxdığından hansısa hüquqi prosedurların həyata keçirilməsi, eləcə də seçki prosesinin təşkili mümkünsüz olduğundan bu ərazilərdə seçkilər keçirilə bilməmişdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Bildirib ki, bu gün torpaqlarımızın işğaldan azad olunaraq suverenliyimizin tam şəkildə bərpa olunması reallığı imkan verir ki, seçki tariximizdə bir ilki yaşayaq və bu seçkilər müstəqil Azərbaycanın bütün ərazisində keçirilsin:
"Əslində növbədənkənar prezident seçkiləri ərazilərimiz işğaldan azad edildikdən sonra bu günədək o ərazilərdə təşkil olunmuş hüquqi təsisatlar və həyata keçirilmiş hüquqi proseslər içərisində ən mötəbəri və ölkə üçün ən taleyüklüsü və həlledicisi rolunu oynamaqla ərazi bütövlüyümüzün və suverenliyimizin bir daha hüquqi müstəvidə təsbiti olmuş olacaq".