Azərbaycanın sabit ölkə olması da bu məsələləri şərtləndirən amillərdəndir - Elmir Səftərov - ÖZƏL
15 Dekabr 2023 21:33 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Əgər Azərbaycan əvvəllər neft-qaz ixracatçısı kimi tanınırdısa, artıq ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən dövlət kimi dünya səviyyəsində nüfuz qazanıb. Təbii ki, qlobal xarakterli tədbirlər təşkil etmək üçün yüksək inkişaf göstəricilərinə, müasir infrastruktura malik olmalısan."
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:
"Bununla yanaşı, təhlükəsizlik baxımından Azərbaycanın sabit ölkə olması da bu məsələləri şərtləndirən amillərdəndir.
Ölkəmiz növbəti belə böyük və mühüm dövlətlərarası tədbirlərindən birinə də ev sahibliyi edəcək.
Belə ki, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına-COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Bu baxımdan COP29-un ölkəmizdə keçirilməsi son vaxtlar Azərbaycana qarşı artan təzyiqlərə də bir cavabdır.
Eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün seçilməsi dövlətimizin başçısının nüfuzundan və ölkəmizin Qalib ölkə kimi söz sahibinə çevrilməsindən xəbər verir. Qoşulmama Hərəkatına sədrliyimizdən sonra COP29-un Azərbaycanda keçirilməsi xarici siyasətimizin növbəti uğurlarındandır.
Azərbaycan mürəkkəb geosiyasi zamanda işğal altındakı torpaqlarını 44 günə azad etməklə ərazi bütövlüyünü, 24 saatlıq əməliyyatlarla isə suverenliyini bütün ölkə ərazisində bərpa etdi.
Bütün təzyiqlərə baxmayaraq, 200 illik erməni layihəsini də məhv edən Azərbaycan COP29 ev sahibliyi etməklə ölkəmizə qarşı aparılan çirkin kampaniyanı də alt-üst etdi.
Gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirdə ölkəmizin irəli sürdüyü təşəbbüslər, böyük layihələr də xarici ölkələrdən gələn rəsmi şəxslərə və şirkət rəhbərlərinə birbaşa çatdırılacaq. Tədbirə təşrif buyuran xarici qonaqlara Azərbaycanda mövcud investisiya mühiti barədə məlumatlar veriləcək. Xarici investorlara investisiya qoymaq üçün təkliflər ediləcək. Onlar isə həmin ərazilərdəki böyük iqtisadi potensial və təbii ehtiyatlarla yaxından tanış ola biləcəklər. Bütün bunlar isə COP29-u əhəmiyyətli edən səbəblərdəndir."