Ceyhun Bayramov Mark Libbi ilə regiondakı mövcud vəziyyəti müzakirə edib - FOTO

Dekabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Mark Libbi ilə görüşüb.

Olaylar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31