Ermənistan xülyalardan oyanmalıdır... - Kazım Kazımov - ÖZƏL

"Darbinyanın  sözləri yanlış, fikri isə müəyyən dərəcədə doğrudur. " Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a  açıqlamasında bildirib:
"Çünki, həqiqətən də Azərbaycanla Ermənistanın vasitəçisiz  görüşməsinə ehtiyac var. De-fakto onsuz da həll edilib,  Azərbaycan bütün torpaqlarını düşmən işğalından azad etmiş vəziyyətdədir. Bu 44 günlük müharibə ərzində baş verdi, daha sonra isə son antiterror  tədbirlərində  biz tamamilə torpaqlarımızı azad etdik. Ermənistanın bundan sonra torpaq deyə bir şey iddia etməsi qeyri-mümkündür. İkinci tərəfdən isə bilirsiniz ki, Azərbaycan bütün şəraiti verməsinə rəğmən  Qarabağda yaşayan və əli qana bulanmamış ermənilərin  əksəriyyəti Azərbaycan torpaqlarında qalmadılar. Bir neçə şəxs xaric, demək olar çoxusu Ermənistana getdi. Onlar çox yaxşı anlayırdılar ki, artıq onların başı üstündə qondarma DQR yoxdur. Ona görə də onlar özlərini rahat hiss etməyəcəkdilər və Qarabağı tərk etdilər. Belə olan təqdirdə Qarabağda bu gün demək olar ki, etnik erməni qalmamışdır. Qarabağın bütün torpaqları hazırda Azərbaycanın suveren ərazisidir. Ermənistanın artıq ata biləcəyi heç bir addım yoxdur. Ermənistan keçmiş baş naziri, Ermənistanın çox ağrılı mərhələdə olduğunu qeyd edir. Hətta, bizə hələ də düşmən olaraq, nifrət hissi ilə yanaşır. Düşmənikmi, bəli, düşmənik. Amma biz onlara düşmənçilik etməmişik, onlar bizə düşmənçilik ediblər, bunun təməl səbəbi budur. Elə danışır ki, "ağrılı vəziyyətdə". Mən tam əksini hesab edirəm. Ermənistan üçün bu gün yeni fürsət yaranıb əslində, bunun fərqində deyil. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməklə özünü bütün Cənubi Qafqazda bağladı. Azərbaycanla sərhədləri bağlandı, Türkiyə ilə  sərhədləri bağlandı, pulunu axmaq bir şəkildə ancaq müharibəyə xərclədi. Özünün pafoslu liderlərini, hansı ki, keçmiş baş nazir də bu komandanın üzvüdür, iqtidara gətirdilər. Onlar da Ermənistanı korrupsiyaya, kasıbçılığa sürüklədilər. Tamamilə faşist düşüncəli erməni xalqının beynini yudular. Nəticə etibarilə bu xalq 2020-ci ildə oyandı ki, yox əslində o qədər də böyük və güclü bir Ermənistan dövləti yox imiş, tam əksinə, Azərbaycan 30 il ərzində tamamilə güclənmiş, Birinci Qarabağ müharibəsindən dərs çıxarmışdı. Biz ona görə də çox qısa müddət ərzində torpaqlarımızı azad etdik və erməni xalqının bu gün acılı olmasında deyil də daha çox fürsəti görməsində fayda var. Birincisi Ermənistan artıq sivil həyata qayıtmalıdır. Azərbaycana minnətçi olmalıdır ki, sərhədləri açın, Türkiyədən xahiş etməlidir ki, sərhədləri açın. Ən azından Ermənistan iqtisadiyyatı bir az dirçəlsin, bu xaos və böhran vəziyyətindən çıxsın. Ermənistan hələ də iqtisadi cəhətdən Rusiyadan asılıdır, erməni lobbisindən asılıdır. Fransada və Amerikadakı havadarlarından asılıdır. Hələ də orda revanşist qüvvələr var, onlar hesab edirlər ki, yenidən Qarabağı işğal edə biləcəklər. Bunlar tamamilə xülyadır. Yəni bu halda, bütün xülyalardan oyanmalıdır, düşdüyü vəziyyəti realist şəkildə dərk etməlidir ki, Ermənistan artıq bu 30 il ərzində gah Vaşinqtonun, gah Parisin, gah Moskvanın sözü ilə oturub dura-dura bu hala gəlmişdir. Amma cənab Prezidentimizin, Xarici İşlər Nazirliyinin və eyni şəkildə fərqli diplomatik qurumlarımızın da verdiyi mesajlarda Azərbaycan çox açıq şəkildə Ermənistana deyir ki, "sərhədlərimizi tanı, işğalçı olduğunu qəbul et və bir daha bizə eyni şəkildə hücum etməyəcəyinizə, revanşist hisslərinizin oyanmayacağına dair müəyyən hüquqi qarantiyalar ver." Biz Ermənistanla 1988-ci il öncəsi kimi normal münasibətlərə qayıda bilərik. Düzdür, burda 30, 40 illik bir prosesdən bəhs edirik. Hansı ki, bizim çox qanımız tökülüb, iki dəfə müharibəyə məcbur olmuşuq, bir dəfə antiterror tədbiri  keçirmişik, onminlərlə vətəndaşımız şəhid, bir milyondan çox vətəndaşımız məcburi köçkün olmuşdur. Bunların ağrısı, acısı bir-iki gündə keçəcək deyil. Həm də qarşılıqlı güvən problemi var, biz Ermənistana yaxın illər ərzində necə güvənə bilərik? Nikol Paşinyan bu gün deyir ki, "Qarabağ Azərbaycandır!". Amma xatırlayırıq ki, 2019-cu ildə cənab Prezidentin də qatıldığı "Valdai" forumunda "Qarabağ Ermənistandır nöqtə" demişdi. Bu gün Paşinyanın ideologiyasımı dəyişdi, dünyaya baxışımı dəyişdi? Xeyr. Sadəcə məğlub olduğu üçün məcbur oldu ki, bu gün bu diskursdan getsin. Ona görə də biz Ermənistanın sözlərinə və boş vədlərinə güvənə bilmərik. Bizə hüquqi qarantiyalar lazımdır. Ermənistanın işğalçı olduğunu qəbul etməsini və həqiqətən də bundan sonra eyni şeyləri təkrarlamayacağını görməliyik. Bundan sonra təbii ki, sivil münasibətlərə keçilə bilər, sərhədlər açıla bilər, başqa nələrsə də ola bilər. Amma dediyimiz kimi Ermənistan öncə bu pozucu, düşmənçi fəaliyyətləri ucbatından Cənubi Qafqazın 30 ildə nələr yaşadığını dərk etməlidir ki, biz ondan sonra münasibətlər qura bilək. Həqiqətən də burada artıq nə Rusiyaya, nə ABŞ-yə, nə Fransaya, nə ATƏT-in Minsk qrupuna, heç kimə ehtiyac yoxdur. Biz məsələləri həll etmişik. Sərhədlərin delimitasiyası qalırmı, qalır. Sərhədləri delimitasiya edək, onlar hüquqi vədlərin versin, biz əmin olaq ki, bundan sonra belə şey olmayacaq, ondan sonra biz artıq münasibətlərimizi fərqli yöndə inkişaf etdirə bilərik. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31