Çox olmasa da, azca ləyaqət sərgiləsinlər... - Şəbnəm Həsənova - ÖZƏL
15 Dekabr 2023 08:03 Siyasət"Ermənistandan verilən istənilən mesaj və səsləndirilən fikir daxili olduğu qədər xarici amillərlə də sıx bağlıdır. "
Bu fikirləri politoloq Şəbnəm Həsəniva Olaylar.az-a açıqlamasında bildirib:
"Bundan heç də geri qalmayan bir amil də var ki, bu da sözlərin kim, hansı qütbə meyilli olan şəxs tərəfindən deyilməsi, dedizdirilməsidir. Bu baxımdan heç nəyə deyil, Armen Darbinyanın tərcümeyi-halına ötəri olsa belə nəzər yetirmək kifayət edir.
O, həm Ermənistanda ictimai fikrə kifayət qədər təsir rıçaqlarına və gücə malik olan şəxs kimi ciddi insan, həm də Rusiya ilə münasibətləri baxımından çəkili, nüfuzlu siyasi və dövlət xadimidir. Şəxslərə də, aktorlara da bizim maraqlarımız prizmamızdan yanaşmaq isə ən müdrik addımdır ki, sözügedən bu şəxs sözsüz ki, hətta ən müsbət halda belə bu iki tərəf üçün önəmlidir. Bizim üçün əsas məsələ işlərin tam yekunlaşmasıdır. Darbinyan erməni cəmiyyətini həmişə ayıq-sayıq olmağa səsləyən həm anlaqlı, həm də rəqiblərinə nisbətdə bizim üçün də ciddi rəqibdir. Aşağı, zəif görülməməli olan düşmən isə aydın, ziyalı kəsdir. Düşmən ifadəsinə isə yenidən bu məqamda da müraciət edən biz yox, Ermənistanın öz ziyalısıdır.
Bütün regional və beynəlxalq aləmə aydın olan məsələ odur ki, Ermənistanın indiki hakimiyyəti Rusiyadan uzaq siyasət yürüdür. Rusiyaya isə bu həm Ermənistanın oxdan çıxması baxımından sərf etmir, həm də belə olduğu təqdirdə Rusiya Ermənistanın qarşısına tarix boyu çıxarılan və ona uydurulan düşmənlərinin maraqları ilə razılaşmalı olur. Bu da bütöv mənada Rusiyanın regiona fundamental baxışına, siyasətinə ciddi mane olur. Səhnəyə yeni olmasa belə, Rusiyaya qarşı önəmli qüsura imza atmamış biri ya çıxarılmalı, ya da yenidən gətirilməlidir. Aydındır ki, digər separatçıların aqibətinin Azərbaycanın təcridxanası olduğundan köhnə Koçaryan-Sarkisyan cütlüyünün yenidən hakimiyyət xəyallarına cavab o tərəfdən də "qəti yox"dur.
Müsbət məqam ondan ibarətdir ki, Ermənistan-Azərbaycan tərəfindən vasitəçilərsiz bir bəyanatın şahidi olduq. Bunun ardınca "Türkiyə və Azərbaycanla danışıqlar vasitəçi ölkə olmadan aparılmalıdır" fikri Darbinyana diktə olunub və yerli kütləyə də, xaricə də çatdırılır.
Darbinyan "silahını" yerə qoymadan fikrində "düşmənlərimizlə mübarizə aparmaq" sözlərini sərf etməyi də unutmur. Sözügedən çıxışında diplomatiya elminin nə olduğu, onun praktikada necə tətbiq olunması haqqında izah verən Darbinyan düşmən sözü əvəzinə deyə bilərdi ki, regional aktorlarla, ya da qonşularla. Amma demir. Hər halda bu nəzərdə saxlanılmalıdır.
Lakin onu da deyək ki, Darbinyan 1998-ci il sentyabrın 7-8-də, yəni, baş nazir olduğu vaxtda rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycanda olub və TRACECA ilə bağlı keçirilən konfransda sənədlərdə imzası olan fiqurdur. Yəni, regional və qlobal əhəmiyyətli Transport Corridor Europe-Caucasus-Asia - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi olmaqla Ermənistanın bu cür layihələrə qoşulmalı olduğu reallığını dərk edən şəxsdir. Həm də bu məqamda ləyaqətdən ağız dolusu bəhs edən Darbinyana xatırlatmaq istərdim ki, bu məfhumun mənasını dərk etmək üçün uydurma erməni tarixinə və yürüdülən siyasətə bir də diqqətlə nəzər yetirsin. Elə Darbinyanın özünün dediyi kimi eqosentrik yox, bizim isə xalq olaraq bir ağızdan tarix boyu dediyimiz heç kimin maşası olmadan, çox olmasa da, azca ləyaqət sərgiləsinlər. "