Ermənistan üçün sənədin bir əhəmiyyəti qalmayıb - Elmir Səftərov - ÖZƏL
14 Dekabr 2023 17:48 Siyasət"44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar Ermənistanı daha da fəallaşmağa məcbur etdi. Törətdiyi cinayətlərdən və işğaldan dolayı uzun illərdir blokada vəziyyətində qalan rəsmi İrəvan regional layihələrdən də kənarda qaldı. Bu da birbaşa ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına mənfi təsir edib.
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
"Ona görə də Ermənistan regionda onun statusunu dəyişən və blokadadan çıxaracaq, ölkəni logistik mərkəzə çevirəcək bir layihəni- "Dünyanın kəsişməsi" konsepsiyasını irəli sürdü.
İrəvan hesab edir ki, onların layihəsi Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərkib hissələrindən biridir. Lakin Ermənistana xatırlatmaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə ən böyük maneələrdən biri də özüdür. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən kommunikasiya xətlərinin açılmasına şəriət yaratmağı öhdəlik götürən Ermənistan onları yerinə yetirmir.
Eyni zamanda, Azərbaycan və Türkiyə logistika və iqtisadi kanalların işə salınmasına müsbət yanaşmasını nəzərə alaraq, dəhliz parametrlərinin mövcudluğunu dəstəkləyir. Rəsmi İrəvan isə regional əlaqələrin yenidən işə salınması prinsiplərini təqdim edir. Ona görə də bu layihənin statusuna nəzarət Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.
Bu, son vaxtlar Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana çəkiləcək dəmir yolu və avtomobil yollarına nəzarət məsələsi ilə bağlı intensiv müzakirələr fonunda xüsusilə diqqəti cəlb edir. Təbii ki, bunlar təsadüfən ortaya çıxmayıb və üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gəlir.
Bu razılaşmaya əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalı idi. Lakin görünən odur ki, Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etməsi və Qarabağı tam nəzarətə götürməsi ilə Ermənistan üçün sənədin bir əhəmiyyəti qalmayıb. Amma Ermənistan nəzərə anlamalıdır ki, burada əsas söhbət Azərbaycandan Naxçıvana gedən yolun açılmasıdır. Ona görə də regionda etimad mühitinin yaradılması üçün Naxçıvana quru yolunun işə salınması vacibdir. Amma hazırda yolun açılmamasının siyasi risklərini Ermənistan görməzdən gəlir. Bu da regiondakı əməkdaşlıq əlaqələrinə mənfi təsir göstərir."