Gah Fransanı, gah Amerikanı bu prosesə daxil etməyə çalışır... - Sultan Zahidov - ÖZƏL
14 Dekabr 2023 17:44 Siyasət"Azərbaycan tərəfi artıq bir neçə müddətdir ki, Ermənistan tərəfinə vasitəçisiz danışıqlar prosesini davam etdirmək təklifini verib. " Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Hətta necə ki, şərti Qazax-İcevan sərhəddində sərhəd delimitasiya komissiyasının danışıqları oldu, sülh prosesi ilə bağlı danışıqların da həmin ərazidə, heç bir vasitəçi olmadan baş verməsini təklif edib. Bu ondan irəli gəlir ki, artıq 3 ilə yaxındır ki, Azərbaycan-Ermənistan arasında danışıqlar prosesi vasitəçilərin köməyilə həyata keçirilir. Biz burada Moskva platformasını, Brüssel platformasını və Vaşinqton platformasını qeyd edə bilərik. Düzdür, bu danışıqlarda müəyyən irəliləyişlər əldə olunub, ən azından Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İmzalanmasıyla bağlı son dönəmlər müsbət işarələr görsənsə də, hələ də sülh sazişi imzalanmayıb. Bu da sözsüz ki, vasitəçilərin yeri gələndə dekonstruktiv mövqeyi, fəaliyyəti ilə bağlıdır. İlk növbətə burada Fransadan danışmalıyıq ki, Fransanın bu proseslərə dekonstruktiv müdaxiləsi sülh prosesini uzadan amillər sırasındadır. Ona görə Azərbaycan son zamanlar təklif edir ki, danışıqlar prosesi ya Gürcüstanın vasitəçiliyiykə Tbilisidə baş versin, və yaxud vasitəçisiz, Azərbaycan-Ermənistan arasında danışıqlar yolu ilə baş versin. Belə olan halda, düşünürük ki, sülh prosesi daha da yaxınlaşar və tərəflər arasında qarşılıqlı şəkildə anlaşma və etimad baş tutar. Amma Ermənistan tərəfi Azərbaycanın proseslərdə vasitəçisiz iştirakı təklifini müsbət dəyərləndirməyib. Ermənistan tərəfi hər vəziyyətdə çalışıb ki, müəyyən himayədarlarının köməyiylə prosesdə iştirak etsin. Gah Fransanı, gah Amerikanı bu prosesə daxil etməyə çalışır. Ən son Qranada da baş tutan sammitdə Azərbaycanın iştirak etməməsinin səbəblərindən biri də Cənubi Qafqazdakı proseslərdə dekonstruktiv mövqe sərgiləyən Fransanın Ermənistan tərəfindən bu danışıqlara cəlb olunması idi. Azərbaycan tərəfi ona görə təklif edir ki, birbaşa danışıqlar baş tutsun. Amma Ermənistan tərəfi hələ buna müsbət yanaşmayıb. Bu baxımdan danışıqlar prosesinin vasitəçisiz davam etdirilməsi regionda sülhün və sabitliyin yaranmasında böyük töhfə verə bilər. Amma bunun baş verməsi üçün də Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməyi, hər hansı bir vasitəçiyə ehtiyac olmadan Azərbaycanla danışıqlar masasına oturmağı labüddür. Fransa bir tərəfdən vasitəçilik etmək istəyir, bir tərəfdən də Ermənistanı silahlandırır. Eyni zamanda Azərbaycan əleyhinə qərəzli bəyənatlar səsləndirir. Azərbaycan əleyhinə qətnamə layihələri hazırlayıb, BMT-nin gündəliyinə daxil etmək istəyir. Belə halda sözsüz ki, vasitəçilərdən müsbət fayda dəyə bilməz. Eyni zamanda Amerika tərəfindən də Azərbaycan əleyhinə əsassız bəyanatların, ABŞ nümayəndələrinin, ABŞ dövlət katibinin müavininin Ceyms O`braynın, istər digər senatorların Azərbaycana qarşı qərəzli fikirlərinin şahidi oluruq. Belə olan halda, sözsüz ki, Azərbaycan tərəfinin Vaşinqtondakı danışıqlarda iştirak etməməsi təbiidir. Ermənistan da digər tərəfdən Rusiyanın vasitəçiliyi olan danışıqlarda iştirak etmək istəmir. Bu da Ermənistan-Rusiya arasında hazırki gərginlikdən, problemlərdən irəli gəlir. Ona görə də burada ən optimal variant tərəflərin üçüncü tərəfin iştirakı olmadan danışıqlar masasına əyləşməsidir ki, bunun baş verməsi üçün də Ermənistanın siyasi mövqe sərgiləməsi və birbaşa danışıqlara hazır olması vacibdir."