20 ilin sabit iqtisadi inkişafı İlham Əliyevin adı ilə bağlıdır - ÖZƏL
14 Dekabr 2023 16:57 Siyasət"Ümumiyyətlə, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan sıçrayışla irəli çıxa bilib, yəni, bütün anlamlarda. Çünki istər iqtisadi sahədə, istər hərbi sahədə, istər beynəlxalq əlaqələr sahəsində, istərsə də ümumiyyətlə Azərbaycanın özünün beynəlxalq platformalarda təmsil olunması baxımından ölkəmiz həqiqətən də çox ciddi şəkildə, çox sürətlə irəli çıxa bilib".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Təbiidir ki, bu irəliyə çıxmanın başında duran əsas səbəb Prezident İlham Əliyevin özünün liderlik bacarıqlarıdır. Yəni onun istər ölkəni idarə etməsi, istərsə də ölkəni xaricdə təmsil etməsi, həmçinin də xalqla iç-içə olmağı bacarması, nəticə etibarilə ona gətirib çıxarıb ki, ölkəmiz iqtisadi cəhətdən də çox ciddi uğurlara imza ata bilib. Bu gün Azərbaycan istər daxili iqtisadi sabitlik baxımından, istərsə də beynəlxalq səviyyədə iqtisadi imkanları baxımından istər qonşu ölkələrdən, istərsə də elə bir sıra, hətta inkişaf etmiş ölkələrdən fərqlənməkdədir. Yəni, Azərbaycanda sabit iqtisadi inkişaf da müşahidə edilməkdədir. Dünyada baş verən təlatümlər, özəlliklə hərbi qarşıdurmalar, eyni zamanda maliyyə sıxıntıları Azərbaycana da təsir edir. Lakin Prezident İlham Əliyevin məhz uyğun və bacarıqlı idarəetməsi nəticəsində bu təsirlər minimuma endirilir. Siz fikir versəniz, görərsiniz ki, artıq uzun illərdir ki, Azərbaycan manatı öz sabitliyini qoruyur. Dünyanın bir nömrəli valyutası olan dollara münasibətdə Azərbaycan manatı sabitliyini davamlı şəkildə qoruyur. Bu heç də bir çox ölkələrə müyəssər olmayan bir uğurdur. Baxın, ətrafımızda elə Rusiya kimi böyük dövlətin rublu dollara münasibətdə nə qədər dəyər itirib. Qardaş Türkiyənin lirəsi dollara münasibətdə nə qədər dəyər itirib. Amma bunun qarşılığında Azərbaycan manatı demək olar ki, birə-bir öz gücünü, yəni öz sabitliyini saxlayır. Əlbəttə ki, bu cənab prezidentin iqtisadi sahədə də uyğun və uğurlu siyasət yürütməsinin nəticəsidir. Biz əminik ki, əsas problemimiz Qarabağ məsələsini kökündən həll etdikdən sonrakı mərhələ üçün cənab prezidentin daha uyğun və daha uğurlu planları var və məhz bu planların həyata keçirilməsi, əlbəttə ki, 2024-cü il fevralın 7-də gerçəkləşəcək prezident seçkisindən sonra mümkün olacaq və biz Azərbaycanın bu sahədə çox böyük uğurlarına şahidlik edəcəyik".