Qarabağ Universitetinin yaradılması üçün çalışmalar ən yüksək səviyyədə gerçəkləşdiriləcək - ÖZƏL

"Qarabağ Universitetinin açılması çox önəmli məsələdir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib. 

"Qarabağ azad olunandan sonra bölgədə  müxtəlif strukturların yaradılması ilə bağlı çoxsaylı təkliflər səslənirdi. Bu təkliflərdən biri də universitet yaradılması ilə bağlı idi. Çünki, hamı dərk edirdi ki, o cümlədən, elm və təhsil ictimaiyyəti, bizim yenidən ermənilər qarşısında bu faciəli durumlara düşməməyimiz, Qarabağda yenidən gərgin hadisələrin, münaqişələrin, müharibələrin baş verməməsi üçün elm və təhsil, mədəniyyət sahəsində çalışmalara, xüsusən, Qarabağda bu çalışmaların həyata keçirilməsinə çox böyük ehtiyac var. Bu ehtiyacla bağlı təkliflər səsləndikcə dövlət bunları dəyərləndirirdi. Artıq İlham Əliyevin sərəncamı ilə belə bir mühüm addım atıldı. Bu universitetin yaradılması o bölgənin - Xankəndi və onun ətraf ərazilərində təhsilin, elmin, araşdırmanın və mədəniyyətin inkişafında müstəsna dərəcədə rolu  və regionun inkişafında mühüm amillərdən biri olacaq. Artıq Elm və Təhsil Nazirliyi bu istiqamətdə çalışmalara başlayıb. Verilən açıqlamalardan bəlli olur ki, bu universitetin yaradılması üçün diqqət və çalışmalar ən yüksək səviyyədə gerçəkləşdiriləcək. Ona görə də, tarixən də bu bölgənin aparıcı yerlərindən, şəhərlərindən biri olan Xankəndidə ali təhsil müəssisəsinin mövcudluğu bölgənin inkişafında mühüm rol oynayırdı. İndi biz həmin o tarixi ənənəni, təhsil, mədəniyyət, elm ənənəsini davam etdirərək belə bir çalışmanı həyata keçiririk. İnşallah ki, gələcək perspektivdə Qarabağ Universitetinin bölgənin, o cümlədən, Azərbaycanın təhsil və elm sahəsində inkişafında müstəsna rol oynayacağını görə biləcəyik deyə ümid edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31