Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur
15 Dekabr 2023 11:10 SiyasətXalqımız öz Prezidentinə inanır, etibar edir və onun ətrafında sıx birləşib
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə demək olar ki, hər gün dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verirdi, dünya ictimaiyyətinə Ermənistanın təcavüzkar dövlət olduğu, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda işğalçıya qarşı müharibə apardığı haqda məlumat verirdi. Siyasi və hərbi sahələrdə olduğu kimi informasiya sferasında da Prezident İlham Əliyev Ermənistanı acı məğlubiyyətə uğratmışdı. Milli Məclisin üzvü Kamilə Əliyeva qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbəmizlə Azərbaycan regionda yeni reallıqlar yaratdı. Dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu anladı: "Bəzi Qərb dövlətləri, xüsusən Fransa və Avropa Parlamenti Azərbaycanın qələbəsini, müstəqil siyasət həyata keçirməsini, güclənməsini qəbul edə bilmir. Bütün vasitələrlə, o cümlədən, nəzarətlərində olan kütləvi informasiya vasitələrində Azərbaycana qarşı ittihamlar irəli sürürlər, ölkəmizin dünyada qazandığı nüfuza xələl gətirməyə çalışırlar. Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Azərbaycan iqtisadiyyatının sürətli və dayanıqlı inkişafı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkəmizin sülh təşəbbüskarı olması barədə beynəlxalq ictimaiyyətə məlumat verdi. Azərbaycan iqtisadiyyatı dünyada iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər arasında ön yerlərdə gedir. İqtisadiyyatımızda qeyri-neft qaz sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Son 20 ildə ölkəmizə 300 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur ki, onun da 200 milyard ABŞ dolları qeyri-neft qaz sektorunun payına düşmüşdür. Azərbaycanda son 20 ildə ÜDM dörd dəfədən çox artmışdır ki, bu da dünya ölkələri arasında ən yüksək göstəricilərdəndir". Onun sözlərinə görə, ölkəmizin strateji planlarında gələcək illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici sərmayələrin qoyuluşu əsas yerlərdən birini tutur: "İqtisadi artımımız böyük imkanlar yaradır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına kifayət qədər vəsait ayıraq. Bu ərazilərimizdə sürətli şəkildə aparılan yenidənqurmanın nəticəsidir ki, artıq minlərlə soydaşımız öz doğma evlərinə dönüblər. İnsanlarımızın burada rahat yaşamaları və işlə təmin olunmaları üçün bütün şərait yaradılmışdır. 2026-cı ilin sonuna 140 min soydaşımızın öz yurd yerlərində məskunlaşdırılması planlaşdırılmışdır. Bütün bu işləri Azərbaycan dövlətinin öz hesabına həyata keçirməsi ölkəmizin iqtisadi cəhətdən güclü bir dövlət olmasının nümunəsidir. Ölkəmizdə enerji istehsalı sahəsində də böyük layihələr icra edilmişdir. Azərbaycan təbii ehtiyatlar baxımından böyük potensiala malikdir. Bu gün Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Bununla yanaşı ölkəmizdə bərpa olunan enerji istehsalı istiqamətində də böyük layihələr icra edilib və bu işlər davam etdirilir. Ötən ay regionun ən böyük və xarici investorlar tərəfindən tam maliyələşdirilən günəş elektrik stansiyasının açılışı oldu. Yaxın vaxtlarda Azərbaycandan Avropaya yaşıl enerji də nəql olunacaq. Artıq üç ildir Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac edilir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya təbii qaz verilir. Yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Ölkəmizdə şaxələnmiş böyük nəqliyyat loqistika infrastrukturu yaradılmışdır. Azərbaycandan keçməklə bu nəqliyyat marşrutlarından yükdaşımaların həcmi hər il artır. Bu ölkəmizin qeosiyasi əhəmiyyətini də artırır. Azərbaycan hər zaman müstəqil daxili və xarici siyasət həyata keçirib. Bu siyasət xalqımızın milli maraqlarına xidmət etməklə yanaşı beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda ölkəmizdə siyasi sabitlik hökm sürür. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Xalqımız öz Prezidentinə inanır, etibar edir və onun ətrafında sıx birləşib. Bu gün beynəlxalq aləmdə Azərbaycan böyük nüfuza malikdir. Azərbaycan dördüncü ildir dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu, təşkilata üzv dövlətlərin Azərbaycana olan böyük inam və etibarının nümunəsidir. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə dünyada böyük nüfuz qazanmış bir təşkilata çevrilmişdir. Ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatların ən fəal, eləcə də onların fəaliyyətlərinin genişlənməsinə və inkişafına töhfə verən dövlətdir. Azərbaycan regionla yanaşı dünyada sülhün, ədalətin bərpa olunmasına yönəlmiş siyasət həyata keçirir. Ölkəmiz regionda sülhün bərqərar olunması üçün Ermənistanla münasibətlərin normallaşdırılmasına, xalqların bir yerdə dostluq şəraitində yaşamaları üçün səy göstərir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağı öz istəyi ilə tərk edən ermənilər qayıdıb Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəsələr Azərbaycan Konstitusiyasına uyğun onların bütün hüquqları qorunacaq. Eyni zamanda 1988-ci ildə Ermənistandan deportasiya olunmuş azərbaycanlılar da öz tarixi torpaqlarına geri dönməlidirlər. Bu insanlar öz doğma torpaqlarına qayıtmaq arzusundadır. Azərbaycan və Ermənistan dövlətləri arasında ikitərəfli danışıqların aparılması və xalqların qarşılıqlı inteqrasiyası sülhə aparan ən asan yoldur".
Milli Məclisin deputatı Sevinc Hüseynova isə bildirib ki, Prezident İlham Əliyev qətiyyəti sayəsində regionda yeni reallıq yaranıb: "Azərbaycan artıq diktə edən güclü və qalib tərəf kimi proseslərin sülh müstəvisində həllində maraqlı olduğunu nümayiş etdirir. Bununla yanaşı mövcud regional geosiyasi vəziyyəti obyektiv şəkildə dəyərləndirilir. Rəsmi Bakı bu siyasi strategiyaya uyğun olaraq regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslərlə çıxış edir. Azərbaycan regionda kommunikasiya xəttlərinin, bu xüsusda Zəngəzur dəhlizinin açılmasının bütövlükdə bölgədə canlanmaya səbəb olacağını təbliğ edir. Bütün bunlar isə sülhün və sabitliyin daha etibarlı təminatı üçün məhz bu kimi əlaqalərin daha geniş spektorda qurulmasını zərurətə çevirir". Millət vəkilinin sözlərinə görə, ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regional və qlobal miqyasda böyük nüfuza, çəkiyə malikdir: "Bu mənada Azərbaycan mühüm mövzuların müzakirə olunduğu, mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı, ev sahibi kimi aparıcı müstəviyə yüksəlib. Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunun bariz nümunəsidir. Təbii ki, Bakının ev sahibliyi ilə keçirilən bu cür tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması məsələləri prioritet mövzulardan olur. Həmçinin ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliği ətrafında geniş fikir mübadiləsi aparılır. Məhz bu kimi tədbirlərin əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması bu məsələlərə beynəlxalq səviyyədə marağın artması ilə müşahidə olunur". Deputat hesab edir ki, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl iş aparılır: "Həyata keçirilən bu mütərəqqi siyasət hazırkı dönəmdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məhz ADA-dakı Forumda da Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən və bu istiqamətdə atılan addımlar fonunda erməni tərəfinin qeyri-konstruktiv davranışlarından danışıb. Ölkəmizin başçısı hazırda iki ölkə arasında sülh sazişinin imzalanmasının gecikməsinin səbəbkarının məhz Ermənistan olduğunu qeyd edib".
Alim