Dünya Ermənistanda kəsişmir-Elçin Xalidbəyli- ÖZƏL
14 Dekabr 2023 14:10 Siyasət"Ermənistan baş naziri Nikol Paşinyanın "icad" etdiyi "Dünyanın kəsişməsi" konsepsiyası reallıqdan uzaqdır. Belə bir layihə Ermənistandan başqa heç bir region ölkəsinə lazım deyil."
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:
"Böyük ehtimalla baş nazir Nikol Paşinyan bu "ideya"nı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın iddialarını təmin etmək məqsədilə ortaya atıb. Eyni zamanda, Zəngəzur dəhlizinin hansı şərtlər daxilində reallaşacağını müəyyən edən 10 noyabr üçtərəfli anlaşmasının qüvvədən salınması cəhdi də diqqəti çəkir.
Ancaq belə manipulativ manevrlərlə rəsmi İrəvan Ermənistanı indiki blokada şəraitindən çıxara bilməz. Əgər, Ermənistan blokadadan çıxmaq istəyirsə, məhz Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Yalnız bu halda, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasına pozitiv yanaşa bilər. Yəni, əgər, Zəngəzur dəhlizi reallaşmazsa, Azərbaycan Ermənistanla digər nəqliyyat-kommunikasiya marşrutlarının açılmasına razılıq verməyəcək. Nəticədə Ermənistan Cənubi Qafqazda blokada vəziyyətində qalmaqda davam edəcək. Baş nazir Nikol Paşinyanın Ermənistan üçün dənizə çıxışın təmin olunması niyyəti isə hazırda yalnız ənənəvi "erməni xəyalları"ndan başqa bir şey deyil. Ermənistan heç vaxt buna nail ola bilməyəcək. Bütün bunlar onu göstərir ki, Ermənistan üçün yeganə xilas yolu məhz Zəngəzur dəhlizinin açılmasından ibarətdir. Ermənilərin "xəyallar"ından fərqli olaraq, dünya Ermənistanda kəsişmir."