Fevralın 7-nə qədər maraqlı siyasi proseslərin şahidi olacağıq

"Azərbaycan son 100 ildə öz tarixinin ən möhtəşəm anları yaşayır". Bu sözləri Olaylar.az-a açıqlamasında 7 fevral növbədənkənar keçiriləcək prezident seçkilərinin məqsədini şərh edərkən siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
"Xankəndi ətraf ərazilərin azad olunması, Qarabağın azadlığı, ərazi bütövlüyümüzün, suverenliyimizin tam şəkildə bərpa olunması, Azərbaycan tarixinin ən möhtəşəm anları deməkdir. İlk dəfə olacaq ki, Azərbaycan xalqı Azərbaycan dövlətinin bütün ərazisindən səs verə, seçkilərə qatılıb iştirak edə biləcək. Yəni bu ilk dəfədir. Çünki bizim torpaqlarımız işğalda idi və biz bunları gerçəkləşdirə bilmirdik. Ona görə də hesab edirəm ki, bu, yeni bir dönəmin başlanğıcı deməkdir. Yeni dönəmin başlanğıcı olaraq Azərbaycan yeni çağırışlarla üz-üzədir. Bu mənada mən düşünürəm ki, bizim indi belə bir seçki keçirməyimiz, bütün bu prosesləri nəzərə alaraq, Azərbaycanın yeni çağırışlar ərəfəsində olduğunu nəzərə alaraq, hesab edirəm ki, belə bir ümumxalq əhəmiyyətli tədbirin keçirilməsinə böyük ehtiyac vardır. Bu ehtiyacı yüksək səviyyədə dəyərləndirən, bu ehtiyaca lazım olan, bu çağırışlara ən yüksək səviyyədə cavab verə bilən Prezident İlham Əliyev idi ki, o da növbədənkənar prezident seçkilərini elan etdi və hesab edirəm ki, biz qarşıda fevral ayının 7-nə qədər maraqlı siyasi proseslərin şahidi olacağıq. Təbii ki, prezident seçkilərinə namizəd kimi ən yüksək reytinqdə olan yenə də prezident İlham Əliyevdir və hesab edirəm ki, fevralın 7-nə qədər biz maraqlı siyasi situasiyanın, fevralın 7-də ümumxalq səsverməsinin yüksək fəallıqla keçməsinin şahidi olacağıq. Fevral ayının 8-dən etibarən biz ölkədə çox önəmli hadisələrin baş verməsini müşahidə edə biləcəyik".

Siyasi ekspert Aydın Quliyev qeyd edir ki, 7 fevral seçkisi rəsmən növbədənkənar adlandırılsa da, əslində tam zamanında keçirilən seçki hesab olunmalıdır:
"Bu, səbəbsiz deyil. Müharibədən və antiterror tədbirlərindən sonra Azərbaycan dövləti yeni məzmunlu coğrafi-siyasi faktor kimi ortaya çıxdı. Məlumdur ki, coğrafi-siyasi məkan kimi Azərbaycan dünya xəritəsinə 1991-ci ildə çıxmışdı. Lakin bu, tam məzmunlu çıxış deyildi. Belə ki, BMT o zamandan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanısa da, faktiki bu göstərici yox idi. Ermənistan Qarabağı və ətraf rayonları işğal etmişdi, həm ərazi bütövlüyümüzü, həm də suverenliyimizi pozmuşdu. Beləliklə, Azərbaycan dövlətinin bir coğrafi-siyasi məkan olaraq 2023-cü iln sentyabrına qədərki və ondan sonrakı məzmunu fərqli idi. 2023-cü ilin sentyabrından etibarən Azərbaycanın yeni məzmunlu coğrafi-siyasi məkan kimi özünü göstərməsi deyəndə bu nəzərdə tutulur. 7 fevral seçkisi hər şeydən əvvəl bu reallığı özündə əks etdirməli olan ümumi siyasi kompaniyadır.
İkinci, müstəqllik bəyannaməsindın sonra ta 2023-cü ilə qədər bütün növdən olan seçkilər ölkəmizin bütün ərazilərini əhatə edə bilmədi. Qarabağ və ətraf rayonlar işğal altında idi, azı 750 min məcburi köçkün isə öz doğma yurdunda yox, sığındığı köçkünlük ocağında seçkiyə qatılmağa məcbur oldu. Bu çox böyük ədalətsizlik idi. Bu mənada 7 fevral seçkisi ilk dəfə bütün ölkə ərazisini və bütün seçiciləri əhatə edəcək.
Üçüncü, 7 fevral seçkisi ilk dəfə olaraq bütöv və suveren Azərbaycanı dünyaya bəyan edən ən böyük siyasi hadisə kimi də dəyərlidir.
Dördüncü, 7 fevral qalib Azərbaycanın xalqı adından ali suveren hakimiyyətin bütün qollarının seçki ilə formalaşdırılması prosesinin başlanğıcı olmaq baxımından da əhəmiyyətlidir.
Beşinci, zəruri şəkildə dünyaya göstərilməlidir ki, böyük Zəfər Azərbaycanda bütün xalqla prezident hakimiyyətinin arasında həqiqətən yeni məzmunlu qarşılıqlı münasibətlər yaradıb. Hamılıqla deyilir və qəbul olunur ki, zəfər İlham Əliyevin reytinqini siyasi olimpin başına çıxarıb. Azərbaycandakı bu siyasi reallıq öz legitim təsdiqini tapmalıdır və bunun tutarlı üsulu növbədənkənar seçki təyin etmək idi. Müharibədən sonra qalib ölkə olaraq düz yoldayıq.
Bütün bunlar onu deməyə əsas verir ki, 1991-ci ilin oktyabrında müstəqillik bəyanından sonra 7 fevral ölkənin tarixində yeni mərhələ başladacaq. Əgər 1991-ci ilin oktyabrında müstəqillik bəyan edildisə, 2023-cü ilin 7 fevral tarixi tam suverenliyin legitim təsdiq tarixi olacaq..."

Politoloq Samir Hümbətovun sözlərinə görə, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi lazım idi:
"Çünki bu seçkilərin keçirilməsi nəticə etibarilə İkinci Qarabağ savaşı və ondan sonra antiterror əməliyyatları, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi və eyni zamanda yaranmış mövcud beynəlxalq vəziyyət bunu labüd eləyirdi və əlbəttə ki, ölkədə sistemdə cənab prezidentin görünür ki, məqsədi və hədəfi ondan ibarətdir ki, sistemdə yenilənmə eləsin və yeni prezidentlik statusu ilə yeni seçimlər, yeni plan və layihələr proqramların icrasını həyata keçirsin. Yəni, təbii ki, bu zaman alan bir prosesdir. Prezident seçkiləri olandan sonra artıq beynəlxalq vəziyyət də bunu tələb edir. Görünür ki, cənab prezident də bu seçkiləri keçirməklə həm də ölkə daxilində və ölkə xaricində ona qarşı olan istənilən bir qüvvəyə açıq meydan oxuyur ki, çox seçim-seçim deyirdiz, seçkilərin keçirilməsini tələb edirdiniz, buyurun, gəlin yarışaq, kim daha çox xalq tərəfindən sevilirsə, istənilirsə, o da qalib gələr. Görünür, təbii ki, dövlətin də son dövrlər Azərbaycan prezidentinin atdığı addımlar ölkədə xüsusilə rəğbətlə qarşılanır. Mən hesab edirəm ki, bunlar hamısı seçimə təsir edən amillərdir və gözləntilərimiz doğru çıxacaq. Hesab edirəm, çünki cənab prezidentin faktiki olaraq bu dəqiqə reytinqi digər namizədlər də yoxdur. Amma hər halda onlar da iştirak edə bilər seçkidə və nəticələr də təbii ki, xalq tərəfindən verilən səslərdən məlum olacaq. 
Mən hesab edirəm ki, prezident seçkiləri lazım idi. Beynəlxalq vəziyyət də bunu tələb edirdi və önəmli bir məqamda bu seçkilərin keçirilməsi, hesab edirəm ki, Azərbaycanın xeyrinə olacaq bir prosesdir və belə də gözləntimiz var".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31