ABŞ Cənubi Qafqazda Ermənistana fokuslanıb - Azad Məsiyev - ÖZƏL
13 Dekabr 2023 21:40 Siyasət"Dünya siyasətində superdövlətlərin maraqları toqquşur."
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev bildirib:
"ABŞ ilə Rusiyanın siyasi maraqları bir neçə sahədə toqquşmaqdadır. Hərbi, siyasi, iqtisadi və sair sahələrdə qarşıdurma var. Bu qarşıdurmanın nəticəsidir ki, Ukrayna poliqona çevrilib. Təbiidir ki, bu qarşıdurmanın birinci episentri Ukraynadırsa, ikincisi Cənubi Qafqazdır. ABŞ ilə Rusiyanın Cənubi Qafqazda maraqları açıq şəkildə toqquşur və bu Azərbaycan-Ermənistan arasında sülh sazişinə bilavasitə təsir edir. ABŞ Paşinyanı hakimiyyətə gətirib və Paşinyan üzərindən Cənubi Qafqaza girmək istəyir. Xüsusilə də, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və Rusiyanın hərbi bazasını Ermənistandan çıxartmaq istəyirlər. ABŞ Ermənistana fokuslanıb. Ermənistanda düşərgə salmaq, Ermənistan üzərindən Cənubi Qafqaza təsir etmək istəyir.
Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır bir savaş gedirdi. 44 günlük müharibə və 1 günlük antiterror tədbirləri nəticəsində Azərbaycan de-fakto suveren hüququnu bərpa etdi. Cənubi Qafqazda stabilliyin yaranması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsi vacib məsələdir. Bu Cənubi Qafqaz respublikaları ilə yanaşı bu regiona qonşu olan dövlətlərin də maraq dairəsindədir. Azərbaycan və Ermənistanla sərhəd olan Türkiyə, İran, Rusiya, Gürcüstana da bu məsələlər dolayısıyla təsir edir. Bu baxımdan bölgənin inkişafı və tərəqqisi üçün 3+3 formatı regionun inkişafı, tərəqqisi, təhlükəsizliyi üçündür. Bu formatın həyata keçirilməsinə ABŞ mane olur, çünki bu, ABŞ-nin Cənubi Qafqaza girməsinə təsir edir. ABŞ Cənubi Qafqazda Ermənistana fokuslanıb. Paşinyanı hakimiyyətə gətirməklə Paşinyanın əlini gücləndirmək istəyir. Çünki, Ermənistanla Azərbaycan arasında sülh sazişi beynəlxalq hüquq prinsiplərinə və siyası reallıqlara uyğun imzalanarsa, bu zaman erməni cəmiyyəti Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün etirazlara başlayacaq. Xatırlatmaq istəyirəm, 44 günlük müharibə zamanı da Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması an məsələsi idi. ABŞ Paşinyanı yenidən hakimiyyətdə saxladı və Paşinyanın əlini gücləndirmək üçün Ermənistan-Azərbaycan arasındaki sülh sazişinin ermənilərin maraqlarına uyğun tərtib edilməsini istəyir. Paşinyanın hakimiyyətdə qalması ABŞ üçün vacibdir. Çünki, Paşinyan üzərindən Cənubi Qafqaza girmək və öz siyasətini həyata keçirmək istəyir. Azərbaycan tərəfi Ermənistanla Azərbaycan arasında sülh sazişinin beynəlxalq hüquq prinsiplərinə və siyasi reallıqlara uyğun olaraq qəbul edilməsinin tərəfdarıdır. Sülh sazişinin əldə edilməsi üçün də beynəlxalq müstəvidə 3 format var idi. Moskva, Brüssel və Vaşinqton formatı. Paşinyan ABŞ-dən aldığı təlimata əsasən Rusiya ilə körpüləri yandırır. Açıq şəkildə antirusiya siyasəti həyata keçirməklə yanaşı Rusiya prezidentinin həbsi ilə əlaqəli orderin təsdiqlənməsi bir daha onu göstərir ki, Paşinyan Rusiya ilə əlaqələrini kəsmək istəyir. Təbiidir ki, 2 format qalır, Brüssel və Vaşinqton. Brüssel də, Vaşinqton da eyni platformadan çıxış edirlər, mövqeləri eynidir. Açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir və təzyiq edirlər ki, Ermənistana güzəştə gedək. Bu bizim maraqlarımıza uyğun deyil. Son vaxtlar Qərbin Azərbaycana qarşı apardığı təzyiq kompaniyası da bu siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişi siyasi reallıqları və beynəlxalq hüquq prinsiplərini özündə əks etdirməlidir. Bu danışıqlar artıq beynəlxalq müstəvidən regional müstəviyə endirilir. Artıq bu məsələ region dövlətlərinin maraqlarına birbaşa təsir edir. Çünki, 3+3 formatında sülh sazişinin əldə edilməsi daha məqsədəuyğun oldu. Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə edilməsi region dövlətlərinin maraq dairəsindədir. Bu baxımdan sülh sazişinin region müstəvisində həllinin tapılması daha məqsədəuyğundur. Artıq ABŞ çalışır ki, sülh sazişi Vaşinqtonda imzalansın. Bununla da beynəlxalq aləmə nümayiş etdirmək istəyir ki, regionda söz sahibidir. Bu proseslərdə Rusiyanın da marağı var. Reallıq ondan ibarətdir ki, Rusiyanın Cənubi Qafqaza təsir rıçaqları Qərbin təsir rıçaqlarından daha çoxdur. Həm də, Rusiyanın bu sazişin Moskvada imzalanmasında mənəvi haqqı var. 44 günlük müharibənin dayanması və 10 noyabr sazişinin imzalanması Rusiya prezidentinin iradəsi, təşəbbüsü ilə olmuşdu. 10 noyabr sazişinin bütün müddəaları Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda, Azərbaycanla Rusiya arasındakı geosiyasi münasibətlər də uzlaşır. Bu baxımdan, Moskvada imzalanması bizim üçün daha uyğun olar, amma Ermənistan bu razılaşmanı pozur, Rusiya ilə düşmənçilik siyasəti aparır, Paşinyan körpüləri yandırır. Bu da ABŞ-dən alınan təlimatın əsasındadır. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi region müstəvisində olsa, daha rahatlıqla həyata keçirilə bilər. Paşinyan nə sözünün, nə imzasının sahibidir. Ermənilər heç vaxt sözlərinin və imzalarının sahibi deyillər. Bu sülh sazişinə təminat verəcək bir qüvvə olmalıdır. Bunu isə region dövlətləri edə bilər. Ermənistan qərbyönlü siyasət yürütsə də, onun iqtisadi inkişafı region dövlətlərinə bağlıdır, yəni Türkiyəyə, Azərbaycana, İrana, Rusiyaya bağlıdır. Bu baxımdan 3+3 çərçivəsində Ermənistanla Azərbaycan arasındaki sülh sazişinə təminat verəcək region dövlətləri ola bilər. Bu da regionun inkişafı və tərəqqisi üçün daha münasib olar. Təəssüflər olsun ki, Paşinyan bu gün ABŞ-nin əlində alətdir, ordan nə təlimat gəlirsə, ona uyğun davranır. Bir dövlət başçısının ki, təhlükəsizliyini xarici xüsusi xidmət orqanları qoruyur, belə olan halda həmin şəxs öz xalqının yox, onu himayə edən qüvvələrin maraqlarına uyğun fəaliyyət göstərəcək. Bu gün Ermənistanın başçısı başda ABŞ olmaqla Qərbin əlində alətdir. Ümumilikdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin dalana dirənməsi böyük güclərin maraqlarının toqquşmasından qaynaqlanır."