Bizim şərtlərimiz də sülhə əsaslanır-İlyas Hüseynov- ÖZƏL
13 Dekabr 2023 21:24 Siyasət"Qeyd etmək lazımdır ki, supergüclərin iştirakı olmadan da Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini imzalamaq mümkündür." Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu istiqamətdə siyasi iradə tələb olunur. Azərbaycan öz prinsipial mövqeyini bəyan etmişdir. Bizim üçün ən məqbul variant hər hansısa kənar oyunçuların iştirakı olmadan sülh müqaviləsini imzalamaqdır. Bu, neytral meydançada da ola bilər, Azərbaycan-Ermənistan sərhəddində də ola bilər. Amma bu ən uyğun seçim variantıdır. Çünki, Rusiya və Qərb arasında gedən geopolitik mübarizə də nümayiş etdirir ki, tərəflərdən birinin meydançasında bu sülh müqaviləsi imzalanarsa, digər tərəf narazı qalacaq və bununla biz sülhün pozulması hallarını müşahidə edə bilərik. Ən uyğun variant məhz elə vasitəçilərsiz nizamlanma və nəticəyə nail olmaqdır. Bu istiqamətdə fəaliyyət göstərmək önəmlidir. Mən erməni politoloqlarla olan təmaslarımda da görmüşəm ki, onların bu gün irəli sürdüyü əsas fikir bundan ibarətdir ki, Azərbaycan güclüdür və Azərbaycanın güclü olması dolayısıyla razılıq əldə etmək mümkün olmur. Azərbaycan öz şərtlərini diktə edir. Mənə elə gəlir ki, bu normaldır və bunu düzgün anlamaq lazımdır. Azərbaycan müharibədə qalib gəlmiş dövlətdir. Bizim şərtlərimiz də sülhə əsaslanır. Sülhü və təhlükəsizlik mühitini ehtiva edir. Bu şərtlərə riayət etmək önəmlidir ki, regional təhlükəsizlik arxitekturası gücləndirilsin və Azərbaycanın güclü olması fikrinin genişləndirilməsinə dair bütün addımlar destruktivdir və sülhdən yayınmaq cəhdlərini əks etdirir. "