Heydər Əliyev müasir Azərbaycanın qurucusudur - Sultan Zahidov - ÖZƏL
12 Dekabr 2023 23:18 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Hər il 12 dekabr Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və hörmətlə qeyd olunur."
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:
![]()
"Heydər Əliyev müasir Azərbaycanın qurucusudur və qeyd etmək lazımdır ki, müasir Azərbaycanın həm təhlükəsizlik, həm müdafiə, həm enerji, həm ümumilikdə iqtisadi siyasətinin, xarici siyasətinin təməl prinsipləri, əsasları məhz Heydər Əliyevin vaxtında müəyyənləşdirilmişdir. Bu prinsiplər Azərbaycanın hər sahədə uğurla inkişafının təminatçısı olmuşdur. Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında əvəzsiz xidmətləri olub. İlk öncə, məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda sabitliyin və inkişafın əsası qoyulub. Xatırlamaq lazımdır ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələnə kimi Azərbaycanda hərc-mərclik, xaos, anarxiya, özbaşınalıq hökm sürmüş, Azərbaycan vətəndaş müharibəsinin astanasında olmuş, yadelli işğalçılar tərəfindən Azərbaycan torpaqları ard-arda işğal altına alınmışdır. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi, onun balanslaşdırılmış, sağlam, düşünülmüş daxili və xarici siyasəti nəticəsində Azərbaycan qısa zamanda üzləşdiyi çətinlikləri arxada qoyaraq inkişaf yoluna qədəm qoymuşdur. Həmin dönəmdən etibarən Azərbaycanda həyata keçirilən istər daxili islahatlar, istər Azərbaycanın xarici siyasət istiqamətləri ölkənin gələcəyə doğru uğurla addımlasında böyük təminatçı olmuşdur. 1994-cü ilin 20 sentyabrında məhz Heydər Əliyevin başçılığı ilə Azərbaycanın, 8 xarici dövlətin 13 neft şirkəti ilə imzaladığı "Əsrin Kontraktı" Azərbaycanın iqtisadi inkişafının əsasında duran mühüm hadisələrdən biridir. Məhz bu kontrakt nəticəsində Azərbaycana milyardlarla dollar investisiya qoyulmuş və Azərbaycan müxtəlif şirkətlərlə imzaladığı neft sazişləri sayəsində ölkə iqtisadiyyatı inkişaf etmiş, əhalinin rifahı daha da yüksəlmişdir. Bu iqtisadi inkişaf eyni zamanda da Azərbaycanın ordu quruculuğuna kifayət qədər lazım olan maddiyatı ayırmasına zəmin yaradırdı. Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi ordu islahatları müasir Azərbaycan ordusunun, hərbinin kökündə duran meyarlar sırasındadır. Məhz onun dövründə Azərbaycan ordusunda ciddi islahatlar həyata keçirilmiş və ordu quruculuğuna böyük diqqət ayrılmışdır. Azərbaycan hərbçilərinin Türkiyə ilə eyni zamanda NATO proqramları çərçivəsində əməkdaşlığına başlanılmışdır. 1994-cü ilin mayında Heydər Əliyevin Brüsseldə NATO ilə imzaladığı "Sülh naminə tərəfdaşlıq proqramı" Azərbaycan ordusunun inkişafına böyük töhfə verən addımlardan biri olmuşdur. Həm "Əsrin Kontraktı" həm eyni zamanda 1999-cu il "İstanbul bəyannamə"si ki, bu bəyannamə ilə Bakı-Tbilisi-Ceyhanın təməl daşı atılıb, eyni zamanda enerji diversifikasiya siyasəti ölkənin gələcəkdə enerji təhlükəsizliyinin təminində, ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr vermişdir. Heydər Əliyevin xarici siyasəti, diplomatiyası Azərbaycanın regionda və beynəlxalq aləmdə statusunun möhkəmlənməsinə, Azərbaycanın maraqlarının digər dövlətlər tərəfindən nəzərə alınmasına, eyni zamanda da Azərbaycanın yadelli erməni işğalçılarına qarşı diplomatik siyasi mübarizəsinə əvəzolunmaz töhfə vermişdir. Məhz həmin dönəmdə Azərbaycan beynəlxalq arenada öz dövlətçiliyini daha da möhkəmlətmiş, Qarabağ məsələsini, erməni işğalı məsələsini bir çox beynəlxaq platformaların gündəliyinə daxil etmişdir. Onu qeyd etmək lazımdır ki, Heydər Əliyevin bəlkə də həyatda olarkən reallaşdıra bilmədiyi ən başlıca arzusu və istəyi Azərbaycan torpaqlarının işğaldan azad olunması idi ki, bu istəyi Azərbaycanın Prezidenti İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində reallaşdırmış, Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Əslində biz Azərbaycanın xarici siyasət istiqamətlərinə və onun xarici siyasət strategiyasına baxsaq görəcəyik ki, bu istiqamətlərin təməl prinsipləri məhz Heydər Əliyev vaxtında qurulmuş, müəyyənləşdirilmiş daha sonra Prezident İlham Əliyevin dönəmində bu istiqamətlərdə daha intensiv praktiki addımlar atılmış, Azərbaycanın beynəlxalq arenada statusu daha da qüvvətlənmiş, Azərbaycan dünyanın adlı-sanlı beynəlxalq qurumlarına, istər İslam Əməkdaşlıq Təşkilatı, istər Qoşulmama Hərəkatı, istər Türk Dövlətləri Təşkilatı çərçivəsində öz mövqeyini daha da yüksəldərək regionun və dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Bu baxımdan, biz qısa şəkildə desək, Heydər Əliyevin dövrünü Azərbaycanda inkişafın və quruculuğun əsasının qoyulduğu bir dövr kimi, eyni zamanda da ölkənin xarici siyasətdə addım-addım məqsədlərinə doğru irəlilədiyi bir dövr kimi xarakterizə edə bilərik ki, Heydər Əliyevin əsasını qoyduğu bu məqsədlər və prinsiplər Prezident İlham Əliyevin dövründə daha geniş şəkildə reallaşdırılmış, Azərbaycanın ən ali məqsədi olan torpaqların işğaldan azad olunması məqsədinə nail olunmuşdur."