Azərbaycan xalqı bu xidmətləri unutmayacaq-Elman Cəfərli- ÖZƏL
12 Dekabr 2023 14:54 Siyasət"Ümummilli Lider Heydər Əliyevin vəfatından 20 il ötür. Eyni zamanda 2023-cü il ölkədə Heydər Əliyev İli elan olunub. Bu il həm də Ulu Öndərin anadan olmasının 100-cü ildönümüdür. Heydər Əliyev Azərbaycan tarixində parlaq iz qoymuş bir tarixi şəxsiyyətdir."
Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib:
"Onun birinci hakimiyyət dövrü 1969-1982-ci illər Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin yüksəliş dövrü kimi yadda qalıb. Həmin illərdə iri sənaye müəssisələri yaradılıb, milli hərbi kadrların hazırlanmasına başlanılıb. Uzaqgörən lider bir gün bu kadrların lazım olacağını bilirdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ölkənin ağır durumuna təsadüf edir. 1993-cü ilin yayında Azərbaycanda hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdən də Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi aparırdı. Həmin ilin iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. Azərbaycan dövlətində ordu quruculuğu başlandı. Cəbhədə müvəqqəti atəşkəs bağlandı.1994-cü ildə əsrin kontraktı imzalandı. Azərbaycan nəhəng quruculuq dövrünə daxil oldu. Heydər Əliyev Qarabağın erməni tapdağından azad olunacağını bilirdi. Bu gün Ulu öndərin anım gününü bütün ölkə ərazisində qeyd edirik. Əgər 44 günlük vətən savaşında işğalçıya qalib gəlmişiksə, separatçı quldurları tərksilah etmişiksə, böyük dövlət xadimi Heydər Əliyevin dövlət və ordu quruculuğunda atdığı sağlam təməllərə borcluyuq. Azərbaycan bu böyük dövlət adamının xalq qarşısında misilsiz xidmətlərini heç zaman yadından çıxarmayacaq."