Bu bölgədəki sülhə mənfi təsir göstərir - Sultan Zahidov - ÖZƏL
11 Dekabr 2023 18:53 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İlk öncə qeyd etmək lazımdır ki, Fransanın sərgilədiyi ikili standart yalnız Azərbaycanla bağlı deyil.
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Böyük, imperialist dövlətlər bütün tarixləri boyunca digərlərinə qarşı ikili standartlar tətbiq ediblər. İstər ABŞ olsun, istər Rusiya, istər Fransa. Bunların hər birinin neokolonial imperialist siyasətləri bəlli regionlarda çaxnaşmalara, münaqişələrə, müharibələrə, günahsız insanların ölümünə səbəb olan amillər sırasındadır. Konkret şəkildə Fransanı nəzərdən keçirsək görərik ki, Fransa tarix boyu Afrika, Cənub Şərqi Asiya, Latın Amerikası kimi regionlarda müstəmləkəçilik siyasəti həyata keçirməklə bu regionların insanlarının gözünün yaşına baxmadan, onlar arasında münaqişə toxumları səpməklə, onları istismar etməklə məşğul olub. Biz görürük ki, Fransa bu gün belə Afrikadan əl çəkmək istəmir, Afrikadakı mövqelər uğrunda amansız mübarizə aparır. Bu gün biz bilirik ki, Fransanın Sub-Sahara regionundakı geosiyasi təsirləri azalmağa doğru davam edir. Bura regionlarlarda baş verən dövlət çevrilişləri, istər Malidə, Burkina-Fasoda, Nigerdə baş verən siyasi ab-hava artıq Fransanın lehinə deyildir. Hətta təzəlikcə Burkina-Faso rəhbəri İbrahim Traore fransız dilini belə ölkədə qadağan etdi. Yəni bütün bunlar hamısı Fransanın Afrikadan yavaş-yavaş sıxışdırılıb çıxarıldığını göstərir ki, belə olan halda Fransa yeni resurs mənbələri axtarışındadır ki, məhz bu səbəbdən öz gücünü hal-hazırda Cənubi Qafqaza və Mərkəzi Asiyaya yönəldib. İndi isə ikinci faktora gəlirik. Yəni birinci faktor odur ki, Fransa ümumiyyətlə həmişə bütün dövlətlərə qarşı bu cür münasibət bəsləyib, ikiüzlü standartlara dayanan, istismarçı imperialistdir. İkinci bir faktor isə, niyə "Azərbaycana qarşı?" Az öncə dediyim məsələ, Fransanın Afrikadan sıxışdırılması onu yeni resurs mənbələri axtarışında olmağa vadar edib. Burada Mərkəzi Asiyanın, Cənubi Qafqazın xüsusi önəmi var. Xüsusilə burada söhbət enerji resurslarından gedir. Qazaxıstanın uran və neft yataqları, eyni zamanda Cənubi Qafqazın neft, qaz yataqları, tranzit potensialı Fransanı bu regiona sürükləyən amillər sırasındadır. 2022-ci il fevralında başlayan Rusiya-Ukrayna müharibəsi bir çoxlarına görə Cənubi Qafqaz zonasında da Rusiyanın zəifləməsinə gətirib çıxardı ki, Fransa da bu imkandan, bu geosiyasi konyunkturadan maksimum şəkildə yararlanmaq istəyir. Yəni Cənubi Qafqazda daha fəal siyasət yürütməyə çalışır. Bunun üçün isə Fransanın əlində əsas iki alət var. Birincisi Avropa Birliyi kartı. Yəni bilirsiniz ki, Avropa Birliyində Fransa müəyyən nüfuz sahibi olan ölkələrdən biridir. Həmin kart vasitəsilə Azərbaycan-Ermənistan sülh prosesində rol almağa çalışır. İkinci bir faktor isə ümumiyyətlə Ermənistan vasitəsilə. Yəni Ermənistan rəhbərliyi ilə Fransa rəhbərliyi arasında yaxın təmaslar, eyni zamanda Fransadakı erməni diasporası Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqazda müəyyən kirli planlarına, geosiyasi ambisiyalarına nail olmaq üçün Ermənistandan alət kimi istifadə etməsini şərtləndirir. Burada təbii ki, söhbət Fransanın Ermənistanın qaşına-gözünə aşiq olmasından getmir. Bu mənada biz görürük ki, Ermənistan üçün hazırki prioritetlər sırasında silahlanma dayanır. Ermənistan artıq Rusiya ilə münasibətlər fonunda özünə yeni himayədarlar axtarışındadır. Bu himayəni Ermənistan ilk növbədə Fransanın timsalında görür. Ona görə Fransadan bastion silahları alır, hal-hazırda "Sezar" raket sistemlərinin verilməsi məsələsi gündəmdədir. Bu da sözsüz ki, bölgədəki sülhə mənfi təsir göstərir. Azərbaycan-Ermənistan sülh prosesini ləngidən amillər sırasındadır. Bu bir daha göstərir ki, Fransa əslində Cənubi Qafqazın sülh və sabitliyində maraqlı deyil. Fransa öz məkrli planlarını, geosiyasi ambisiyalarını yerinə yetirmək istəyindədir."