Bu etimad mühitinin yaradılmasına hesablanıb - Əli Zülfüqaroğlu - ÖZƏL

Azərbaycan Respublikası Prezident Administrasiyasının eyni zamanda Ermənistan Respublikası Baş Nazirliyi Aparatının birgə bəyanatında yer alan məsələlər, o cümlədən iqlim  problemləri ilə bağlı tədbirin Bakıda keçirilməsi ilə əlaqədar olaraq Ermənistanın razılığı ilk öncə etimad mühitinin yaradılmasına hesablanıb.

Bu sözləri Olaylar.az-a açıqlamasında jurnalist, siyasi şərhçi Əli Zülfüqaroğlu söyləyib:

"Danışıqlar prosesində Ermənistan tərəfindən qəbul edilməyən müəyyən məsələlər var idi ki, o sülh prosesinə mane olurdu. Xüsusilə  Qərb və Moskva platformasında görüşlərin keçirilməsi ilə bağlı fikir ayrılığı var idi. Bilirsiniz ki, Qərb, Vaşinqton, eyni zamanda Brüssel platformaları bir müddət öncə Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi ilə  yadda qaldı. Bu da Azərbaycanın ciddi narazılığına səbəb oldu və Azərbaycan bu platformalardan imtina etdi. Azərbaycana qarşı Qərb tərəfindən olunan təzyiqlər də heç bir nəticə vermədi. Çünki,  Azərbaycan dövləti qətiyyət sərgiləyərək öz mövqeyini ortaya qoydu. Bundan sonra Obrayn bölgəyə səfər etdi və Azərbaycanla müəyyən danışıqlar aparmağa başladı. Təbii ki, Azərbaycan tərəfi də həm Ermənistana, həm də Qərbə yönəlik mesaj olaraq vasitəçi olmadan sülh danışıqlarının aparılması ilə bağlı təklif irəli sürdü. Bu, Rusiyanın oyundan kənar edilməsi üçün Qərbin tam olaraq maraqlarına uyğun olmasa da, müəyyən mənada uyğun variant kimi qəbul  edildi. İlkin mərhələdə Azərbaycan tərəfi vasitəçi olmadan görüşlərin keçirilməsinə nail oldu. Burada ilk addım olaraq əsrlərin dəyişdirilməsi, eyni zamanda COP29-a ev sahibliyi məsələsi öz əksini tapdı. Bu təbii ki, ilk öncə etimad mühitinin yaradılmasına hesablanıb. Bu sülh prosesi ilə bağlı Ermənistan tərəfindən daha ədalətli mövqenin sərgilənməsi gözləntisi yaradır, amma təəssüf ki, vasitəçi olmadan keçirilən görüş sülh prosesi ilə bağlı əsaslı nəticələr yarada bilməz. Çünki, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri, eyni zamanda anklavlarla bağlı məsələlər hələ də razılaşdırılmamış olaraq qalır. Ermənistan rəhbərliyi sülh prosesi ilə bağlı gözləntilərinin çox olduğunu desə də, əslində  ən azı bu il  sülh sazişinin imzalanmasından danışmaq hələ ki, mümkünsüz görünür. İstənilən halda hesab edirəm ki, bu, irəliyə doğru atılmış bir addımdır. Etimad mühitinin yaradılmasına hesablanıb və Azərbaycanın maraqlarına cavab verir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31