Ermənistan sülh istəyirmi, istəmirmi?-Oqtay Qasımov- ÖZƏL
11 Dekabr 2023 16:00 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Prezident Administrasiyası və Ermənistan baş Naziri Aparatının birgə yayımladığı bəyanat əlbəttə ki, müəyyən optimizm yaradır." Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Xüsusilə də nəzərə alsaq ki, bu sənəddə diqqət çəkən 4 istiqamət var. Bunlardan birincisi hər iki tərəfin tarixi şəraitdə sülh üçün imkanların yaranmasıyla bağlı həmfikir olmasıdır. Digər məsələ humanitar addımların atılmasıdır. Belə ki, əsirlərin dəyişməsi məsələsidir ki, bu etimad mühitinin yaranması üçün çox vacib bir məqamdır. İlk dəfə olaraq müstəqillik dövründə Azərbaycan və Ermənistan arasında davam edən konfrontasiya əməkdaşlıqla əvəz olunma istiqamətində atılan bir addım oldu bu. Belə ki, Ermənistan Azərbaycanın COP29 sammitinə ev sahibliyi etməsini dəstəklədi, öz namizədliyini geri götürdü. Bu xoşməramlı bir jest də sayıla bilər, digər tərəfdən Ermənistan həm də çox yaxşı hesablayırdı ki, ona başqa dövlətlər tərəfindən maneçilik törədilə bilər. Ona görə də Azərbaycanı dəstəklədi, çünki Azərbaycanın şansları daha yüksəkdir. Belə ki, Azərbaycanda son illər yaşıl enerjiyə keçidlə bağlı ciddi addımlar atılmaqdadı. Bərpa olunan enerji səviyyəsinin 2030-cu ildə təxminən 35 faizə qədər yüksəldilməsi nəzərdə tutulub ki, bu da ciddi bir fəaliyyət kimi qiymətləndirilməlidir. Ümumən bu pozitiv bir addımdır və bundan sonrakı dövrdə Ermənistan davranışlarında bu cür konstruktiv addımlar atacaqsa, onda sülhə doğru ciddi irəliləyiş əldə oluna bilər. Hər halda ilkin təəssürat pozitivdir. Ermənistanın atdığı bu addımlarda nə qədər səmimi və konstruktiv olduğunu bizə bundan sonrakı davranışları göstərəcək. "Sülh istəyirmi, istəmirmi?" Bu sualların cavabını biz hər halda qarşıdakı dövrlərdə daha aydın şəkildə görəcəyik."