Birinci növbədə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlər qurmalıdır-Murad Sadəddinov- ÖZƏL
11 Dekabr 2023 15:35 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına Azərbaycanın ev sahibliyi etməsiylə bağlı məsələlər həmin konfransın həyata keçirilməsinə Şərqi Avropa dövlətləri arasında olan kvotadan irəli gəlirdi." Bu fikirləri politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlamasında bildirib:
"Burada bir neçə məsələ ortaya çıxdı. Yəni Rusiya əleyhinə bir çox Şərqi Avropa dövlətləri etiraz etdilər. Ermənistan və Azərbaycan olmaqla iki namizəd qalmışdı. Ermənistan tərəfinin də Azərbaycanın xeyrinə namizədliyini geri götürməsinin bir neçə səbəbləri var. Mən hesab edirəm ki, birinci olaraq əlbəttə ki, Azərbaycanın bu sahədə olan böyük nüfuzu ilə Ermənistanın nüfuzunu müqayisə etmək olmaz. Ona görə ki, Azərbaycan bu sahədə çox geniş işlər həyata keçirir. Məsələn, yaşıl enerjinin bərpası, inkişafı ilə bağlı Azərbaycan böyük miqdarda investisiyalar cəlb edib, artıq işıq və külək enerjisinin istehsalı fəaliyyətə başlanıb. Azad olunmuş ərazilərdə demək olar ki, ancaq və ancaq yaşıl enerjidən istifadə olunur. Yəni, bu sahədə Azərbaycanın gördüyü işlərlə Ermənistan müqayisə olunmazdır. Amma siyasi cəhətdən mən hesab edirəm ki, Ermənistanın bu addımı gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sülh müqaviləsinin imzalanması baxımından Ermənistan tərəfindən atılan müsbət addım kimi qiymətləndirmək olar. Eyni zamanda fikrimcə Ermənistan bu nümunəni davam etməlidir və beynəlxalq təşkilatlarda özünün bizə qarşı apardığı o çirkin kompaniyaya da son qoymalıdır ki, gələcəkdə Cənubi Qafqazda doğurdan da normal, suveren dövlət kimi fəaliyyət göstərmək istəyirsə birinci növbədə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla, o cümlədən, Cənubi Qafqaza böyük təsiri olan Türkiyə ilə münasibətlər qurmalıdır."