Azərbaycan və Ermənistan bu tip məsələlərdə regionun iki qonşu ölkəsi kimi daim bir-birilərinə dəstək olacaqlar..Tural İsmayılov- ÖZƏL
11 Dekabr 2023 15:06 Siyasət"Əlbəttə ki, Azərbaycan bu günə qədər önəmli, xarici təşkilatlara həm rəhbərlik, həm ev sahibliyi edib." Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Ölkəmizin rəhbərliyi altında olan dövrlərdə bu təşkilatlar böyük bir inkişaf dövrü keçiblər və bunun da göstəriciləri və nəticələri hamıya bəllidir. İndi Azərbaycanın növbəti dəfə belə önəmli və vacib tədbirə ev sahibliyi etməsi ölkəmizin mövqelərini daha da gücləndirən hallardan biridir. Eyni zamanda nəzərə almaq lazımdır ki, COP29 hazırda qlobal istiləşmənin fəsadlarının dünyanı cənginə götürdüyü bir dövrdə xüsusi əhəmiyyətə malikdir. Bu gün iqlim və ekologiyayla bağlı qlobal məsuliyyət şüuru heç olmadığı qədər zəruri bir hal alıb və belə bir məsələdə BMT Azərbaycana etibar edərək, belə vacib və önəmli, dünyəvi əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi qərarını verib. Eyni zamanda təbii ki, Ermənistanın da xoş niyyət göstərərək Azərbaycanın COP29-a ev sahibliyi etməsinə dəstək olması iki ölkə arasında münasibətlərdəki tarixi, pozitiv, müsbət səhifələrin açılmasında vacib əhəmiyyətə malikdir. Hesab edirəm ki, bundan sonra Azərbaycan və Ermənistan bu tip məsələlərdə regionun iki qonşu ölkəsi kimi daim bir-birilərinə dəstək olacaqlar. Bu da bölgənin daha da inkişafına, dövlətlər arası anlaşılmazlıqların isə qısa bir zamanda aradan qaldırılmağına səbəb olacaq. "