Azərbaycan regional reinteqrasiya təşəbbüsü ilə Vətən müharibəsindən dərhal sonra çıxış edib- ÖZƏL

"Cənubi Qafqazda regional inteqrasiyanın mümkünlüyü və bu məsələnin reallaşmasında rəsmi Bakının rolu Avropa ictimaiyyətini maraqlandıran məqamlardan biridir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, Azərbaycan regional reinteqrasiya təşəbbüsü ilə artıq Vətən müharibəsi başa çatdıqdan az müddət sonra çıxış etmişdir: "Təbii ki, bu təşəbbüs ilk növbədə Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafa töhfədir. Eyni zamanda, üç region ölkəsinin öz aralarında bütün məsələləri həll etmələri kənar qüvvələrin regiona müdaxilə imkanlarını daha çox məhdudlaşdırar. Bu məsələ barədə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda açıqlama verən cənab Prezident İlham Əliyev bildirdi ki, hazırda Cənubi Qafqazda ən azı məsləhətləşmələr səviyyəsində prosesə başlamaq imkanı mövcuddur. Hətta dövlət başçısı ilk məsləhətləşmələrin bu yaxınlarda Gürcüstanda keçirilən beynəlxalq bir tədbir çərçivəsində Cənubi Qafqazın üç ölkəsinin - Ermənistanın, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin görüşü zamanı baş tutduğunu da diqqətə çatdırdı. Qeyd olundu ki, bu əməkdaşlıq çox praktiki səmərə verə bilər. Çünki son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin inteqrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə daha vacib olmasını göstərir. Əgər sülh müqaviləsi imzalanarsa, artıq mövcud olan bu layihələrə Ermənistan da qoşula bilər. Ermənistanın bu əməkdaşlığa nə kimi töhfə verəcəyi məsələsi isə açıq qalmaqdadır. Çünki o, yalnız hüquqlara malik olmamalı, habelə məsuliyyət daşımalıdır. Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31