İlham Əliyevin müsahibəsində söylədiklərini Ermənistan nə qədər tez anlasa bütün region irəli gedər- ÖZƏL
11 Dekabr 2023 11:09 Siyasət"Prezident İlham Əliyevin dekabrın 9-da "Euronews" televiziyasında yayımlanan, mahiyyətinə görə dərin olan müsahibəsində diqqəti ən çox cəlb edən Cənubi Qafqazın gələcəyinə Azərbaycanın baxışının bir daha aydın, mükəmməl və konkret şəkildə təqdim edilməsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, dövlət başçısı hər şeydən əvvəl, regionu rəqabət, qarşıdurma deyil, risklərdən uzaq əməkdaşlıq məkanı kimi görür: "Hamının faydasına olan böyük layihələri həyata keçirərək dövlətləri əməkdaşlıqda ortaq yerə gətirən Azərbaycan istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından uzaq dayanır. Cənubi Qafqazın əməkdaşlıq regionu olmasından ötrü bölgə dövlətləri müstəqil xarici siyasət yürütməlidirlər. Azərbaycan milli maraqlara əsaslanan müstəqil xarici və daxili siyasət yürütməsi bir örnəkdir. Müsahibədə Ermənistanla münasibətlər məsələsinə də aydınlıq gətirildi. Dövlət başçısının fikrincə, bu gün başlıca məsələ dövlətlərin gündəliyində sülhün dayanmasıdır. Prosesi uzatmaq istəyən Ermənistandır. Bütün olub keçənlərə, Azərbaycanın işğaldan, etnik təmizləmədən və soyqırımdan əziyyət çəkməsinə baxmayaraq, sülhün alternativi yoxdur. Ermənistan sözdə dediyi "Qarabağ Azərbaycandır" ifadəsini rəsmi sənədi imzalamaqla təsdiq etməlidir.
Dövlət başçısı birmənalı olaraq bildirdi ki, Ermənistandan vəhşicəsinə qovulan azərbaycanlıların, Azərbaycandan könüllü çıxıb gedən ermənilərin məsələlərinin həlli qarşılıqlı olmalıdır. Yəni əgər özləri rahat bir şəkildə çıxıb gedən ermənilərin geri qayıtmaq məsələsi qoyulursa, o zaman azərbaycanlıların da dədə-baba torpaqlarına dönmələri məsələsinə də baxılmalıdır. Azərbaycanlılar və ermənilər digər ölkələrdə olduğu kimi bir yerdə yaşaya bilərlər. Çoxmillətli, çoxkonfessiyalı bir ölkə olan Azərbaycanda sayı ermənilərdən çox olan bir çox etnik qruplar var. Birinə digərindən üstün hüquqlar verilə bilməz. Azərbaycanda bütün vətəndaşlar bərabərdir. Qayıtmaq istəyən ermənilər Azərbaycan vətəndaşlığına qəbul olunmalarından ötrü müraciət etməlidirlər.
Azərbaycanda bütün tarixi və dini abidələr dövlət tərəfindən qorunur. Bu həm də millətimizin xöşgörülü təbiətindən irəli gəlir. Ermənistanda isə azərbaycanlılara məxsus heç bir tarixi, dini, mədəni abidə saxlanılmayıb, hamısı dağıdılıb. Bütün bunlara baxmayaraq gələcəyə hədəflənərək Cənubi Qafqazda sülh və əməkdaşlıq qurulmaılıdır. Prezident İlham Əliyevin müsahibəsində söylədiklərini Ermənistan nə qədər tez anlasa bütün region irəli gedər".