Növbədənkənar prezident seçkilərinin keçirilməsi vacib sayılır - Elşad Həsənov - ÖZƏL
8 Dekabr 2023 18:54 Siyasət"Elə namizəd yoxdur ki, qalib gəlsin."
"Artıq son vaxtlar mətbuatda, kluarlarda siyasi ekspertlər gələn il növbədənkənar parlament, referendum və bələdiyyə seçkilərinin keçirilməsi haqqında fikirlər irəli sürürdülər."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib:
"Ancaq heç kim deməmişdi ki, prezident seçkiləri keçirilə bilər. Mərkəzi Seçki Komissiyasının gələn ilki büdcəsi 2,3 dəfə artırılıb və bunu görən siyasi ekspertlər bildirdilər ki, bəli, parlament, referendum, bələdiyyə seçkiləri keçirilə bilər. Ancaq heç kimin gözləmədiyi halda Azərbaycan Prezidenti fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin etdi. Niyə növbədənkənar prezident seçkiləri elan olundu? Əvvəlcə oxucularımıza bildirək ki, ilk dəfə növbədənkənar prezident seçkiləri 11 aprel 2018-ci ildə keçirildi. Həmin vaxt seçki vaxtıdan 6 ay öncə keçirildi. 2018-ci ildəki seçkidən sonra Azərbaycan Prezidenti vəd etdiyi hər şeyi yerinə yetirdi. Əsas da Azərbaycanın işğal altında olan torpaqları onun komandanlığı, apardığı düzgün daxili və siyasətlə, qoruduğu diplomatik münasibətlərlə həm Avropa İttifaqı, həm Amerika ilə apardığı işlər nəticəsində 44 günlük Vətən müharibəsində azad olundu. Sentyabrın 20-də 1 günlük lokal antiterror əməliyyatı nəticəsində isə bütün ərazilərimiz işğaldan azad edildi. Qarabağ iqtisadi zonasında olan erməni silahlı dəstələri məhv edildi. Silahlarını atıb qaçdılar, təslim oldular və xunta rejimi özünü buraxdı. Azərbaycan öz torpaqlarında bayrağını qaldırdı və öz ərazi bütövlüyümüzü tam təmin etdik. Bu gün Azərbaycan Prezidenti həm ölkə daxilində, həm də xaricdə lider kimi böyük siyasi gücə malik, dediyi əməli yerinə yetirən bir prezident kimi tanınır və sevilir. Bu gün Azərbaycan böyük layihələrdə iştirak edir. Azərbaycan TDB-də aparıcı rola malikdir. Azərbaycan Orta Asiyada qardaş dövlətlərlə gözəl münasibətlər qurur. 2024-cü il dünyada, dünyanın hegemon ölkəsi olan Amerikada, Rusiyada prezident seçkiləri ili elan edilir. Azərbaycan Prezidentinin seçkiləri 1 il 2 ay qabağa çəkməsinin heç bir izahı verilmir. Mən siyasi ekspert kimi düşünürəm ki, prezident seçkiləri 1 il 2 ay sonra da keçirilsəydi, şüphəsiz ki, İlham Əliyev böyük səs çoxluğu ilə qalib gələcəkdi. Bu gün xalq arasında prezidentin çox böyük dəstəyi var, xalq onu sevir. Sözün həqiqi mənasında bu gün müxalifət də bu seçkiləri eşidəndən sonra şok olub. Çünki İlham Əliyevin qarşısına çıxacaq elə bir namizəd yoxdur ki, o İlham Əliyevi seçkidə uda bilsin. Bu artıq hamıya bəllidir. Ona görə də bu seçkilərin keçirilməsini prezidentimiz məqsədə uyğun hesab etdi. Məncə, bu seçkinin xalqa, Azərbaycana və onun apardığı siyasətə böyük dəstəyi olacaq. Çünki, bizim hələ qarşıda çoxlu məsələlərimiz var. Bizim Qarabağda yaratmaq, qurmaq işlərimiz var və cənab prezidentimizin rəhbərliyi ilə bu işlər artıq gedir. Azərbaycanın bu inkişafını gözü götürməyən qüvvələr də var ki, onlara qarşı da prezidentin əlində birlik mandatı olandan sonra sözünü daha da cəsarətlə deyəcək. İnanıram ki, xalqımız bu seçkidən sonra indiyə qədər olan məsələləri yeni bir rakursda görəcək. Eyni zamanda prezident seçkilərdən sonra elan etdiyi islahatlara başlayacaq. İcra strukturları ləğv olunacaq, prezident nümayəndəliyi, bölgələr, iqtisadi rayonlar yaranacaq. Parlament seçkilərində yeni qüvvələrin gəlməsi seçiləcək. Bələdiyyələrə yeni hüquqlar və vəzifələr veriləcək. Türkiyədə olduğu kimi, mən elə düşünürəm. Bütün bunları aparmaq üçün prezident seçkilərinin keçirilməsi vacib sayılır. Eyni zamanda ilk dəfə olaraq, doğurdan da, bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Biz müstəqil olandan sonra Azərbaycan ərazisinin hər yerində prezident seçkilərinin keçirilməsi baş tutmayıb, amma bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həmin torpaqlar azad olub və biz o ərazilərimizdə də seçkiləri uğurla həyata keçirəcəyik."