Azərbaycanda artıq yeni siyasi-iqtisadi mərhələ başlamaq üzrədir-Elçin Xalidbəyli- ÖZƏL
8 Dekabr 2023 16:41 Siyasət"Təbii ki, növbədənkənar prezident seçkisinin elan edilməsi indiki mərhələdə həm Azərbaycan, həm də ümumiyyətlə, Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır." Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib: "Birincisi, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, bütün ölkə əhalisini əhatə edəcək bir seçki keçirilmiş olacaq. Digər tərəfdən, Azərbaycan Prezidenti bu addımı atmaqla, həm də bütün dünyaya ölkənin ərazi bütövlüyünün və suveren hüquqlarının tam bərpa edildiyi barədə prinsipial bir mesaj vermiş oldu. Prezident İlham Əliyev Azərbaycanın 30 illik savaşda tam qələbəsini Xankəndi şəhərində dövlət bayrağını ucaltmaqla, bəyan etmişdi. İndi növbədənkənar prezident seçkisinin elan edilməsi Azərbaycan ərazisində müharibə mərhələsinə son nöqtənin qoyulduğu barədə mesaj verilir. Bundan sonra Azərbaycan dövlətinin əsas hədəfləri sırasında əsasən ölkənin iqtisadi inkişafı olacaq. Böyük ehtimalla, növbədənkənar seçki ilə Azərbaycanda siyasi-iqtisadi islahatların da önü açılmış olacaq. Böyük ehtimalla Azərbaycan Prezidenti ölkəni savaşdan sonrakı dinc inkişaf mərhələsinə hazırlamağa başlayıb. Yəqin ki, bu hazırlıq çərçivəsində Ermənistanla müharibə şəraitinə uyğunlaşdırılmış siyasi idarəetmə sistemində də ciddi dəyişikliklər edilməklə, yeni dövrün tələblərinə bağlı fərqli inkişaf mərhələsinə keçid edilə bilər. Ona görə də, hesab etmək olar ki, Azərbaycanda artıq yeni siyasi-iqtisadi mərhələ başlamaq üzrədir. Böyük ehtimalla növbədənkənar prezident seçkiləri məhz həmin mərhələyə birbaşa keçid rolunu da oynaya bilər."