Otuz iki nəfərlik siyahıda əli qana batmış canilərin adlarının birinə belə rast gəlmirik-Şəbnəm Həsənova- ÖZƏL

"Hər şeydən öncə qeyd edilməlidir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan vətəndaşını siyasətinin mərkəzinə yerləşdirib.Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib: "Üfüqi və şaquli şəkildə qəbul edilən hər bir qərarda vətəndaş amili əsasdır, bu meyar sadəcə keçərli yox, həm də prinsipialdır. Ona görədir ki, Müzəffər Ali Baş Komandan öz iki əsgərinin taleyi və aqibətini bu qədər müddət ərzində diqqət mərkəzində saxlayaraq nəticədə onların ailələrinə, bütövlükdə isə xalqımıza sevinc bəxş etdi. Buna görə fərd və xalq olaraq biz dövlətimizin başçısına minnətdarıq. Dövlətimiz istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dönəmlərdə humanist dəyərləri rəhbər tutub. Hətta vasitəçili görüş və bəyanatlarda belə bu məsələ Azərbaycan dövlətinin təşəbbüsü və tələbi olub. İndi isə yeni reallıqlar yaranıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı ilə birgə yaydığı açıqlama artıq heç bir vasitəçiyə ehtiyac belə olmadan məsələlərin həllinin mümkün olduğundan xəbər verir.  Bəli, Azərbaycan xalqının xislətinin göstəricisi və dövlətimizin humanizm siyasəti aydın və məlumdur. Lakin bir qəti reallıq da var ki, bu, bizim qırmızı xəttimiz, prinsipiallığımızdır. O prinsipiallıq ki, beynəlxalq hüquqa, haqq və ədalətə söykənir. 
Ona görədir ki, otuz iki nəfərlik siyahıda əli qana batmış canilərin adlarının birinə belə rast gəlmirik.  Vasitəçilər olmadan bu cür addımlar sülhün bərqərar olmasında nə qədər vacib və zəruridirsə, sözügedən siyahıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərlərinin olmaması da mühüm və nümayiş etdirilən mövqedir. Məhz bu baxımdan da regional və beynəlxalq aktorlar da yürütdüyümüz xarici siyasətdə bu mövqe ilə barışmalı, qəbul və hörmət etməlidir. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31