Azərbaycan çalışır ki, Ermənistanla birbaşa təmaslar kontekstində sülh müqaviləsi hazırlansın- Aqşin Kərimov- ÖZƏL

"Azərbaycanla Ermənistan arasında məhbus mübadiləsi, gələcək sülh müqaviləsinin humanitar aspektlərini işləyib hazırlamaq və onu daha da təkmilləşdirmək baxımından çox vacibdir." Bu fikirləri politoloq Aqşin Kərimov Olaylar.az-a açıqlamasında bildirib:
"Hesab edirəm ki, Azərbaycanla Ermənistanın bu mübadilə təşəbbüsünün keçirilməsində pərdəarxası bir rola malik olan vasitəçi də mövcuddur. Lakin bu vasitəçi hadisələrə birbaşa təsir etmək imkanında və iqtidarında deyil. Sadəcə olaraq təklif kimi o, özünün düşüncələrini, prinsiplərini  Azərbaycan- Ermənistan münasibətlərinin daxilinə yerləşdirməyi daha məqsədə müvafiq hesab etdi. Söhbət burada ABŞ-dən gedir. Çünki məhz  ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana səfərindən sonra məhbus mübadiləsi ilə  bağlı Azərbaycan və Ermənistan birgə bəyanat yaydı. Ümumilikdə isə, Rusiyanın burda hər hansı bir marağının olduğunu görə bilərik. Çünki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada da bu prosesin alqışlandığı bildirildi. Azərbaycan maksimal dərəcədə çalışır ki, Ermənistanla birbaşa təmaslar kontekstində sülh müqaviləsi hazırlansın və kənar müdaxilə olmadan iki ölkə problemləri bir masa ətrafında həll etməyə nail olsun. Lakin, "ABŞ və Rusiyanın regionda konseptual maraqları buna hansı dərəcədə reaksiya verəcək?" Məncə bu sual ətrafında düşünməyə dəyər. Ona görə ki, nə Moskvanın, nə də Vaşinqtonun regional köklü siyasətində bir dəyişiklik baş verməyib. Bu baxımdan hesab edirəm ki, gələcəkdə Vaşinqton, Avropa Birliyi və Moskva sülh prosesinə maksimal dərəcədə təsir etmək üçün öz rıçaqlarını istifadə edəcəklər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31