Ordumuzun əsgər və zabitləri əsl qəhrəmanlıq göstərirdilər- ÖZƏL
8 Dekabr 2023 12:44 Siyasət"Torpaqlarımız işğal altında olan zaman keçirilən hərbi paradda ölkə başçımız vurğulamışdı ki, işğaldan azad ediləcək torpaqlarımızda ucaldılacaq bayraq yaxın vaxtlarda Azadlıq meydanında dalğalanacaq. Hərbiçilərimiz tərəfindən Şuşa şəhəri üzərində qaldırılan bayraq - Zəfər bayrağı - parada gətirilmişdir. Zəfər paradında 3000 Azərbaycan əsgər və zabitləri ilə çiyin - çiyinə türk əsgər və zabitləri də addımlamışdılar". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva deyib: "Zəfər paradında ordumuzun istifadəsində olan ən müasir hərbi texnikalar, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir silahlar, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi. Vətən müharibəsində bir nəfərin də fərari olmaması gənclərimizin nə qədər vətənpərvər olmasından xəbər verirdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri hər gün şəhər və kəndlərimizi işğaldan azad edirdi. Azərbaycan Ordusunun əsgər və zabitləri əsl qəhrəmanlıq, şücaət göstərirdilər. İgid oğullarımız bir amal uğrunda doğma torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdülər.
Azərbaycan əsgəri tarixdə görülməyən bir işin öhdəsindən gəldi. Cəmi 44 günə 30 il ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş erməni ordusunu məhv etdi. Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmiş hərbiçilərimizlə yanaşı bütün Azərbaycan xalqı arxa cəbhədə də böyük qəhrəmanlıq nümayiş etdirdi. Şanlı qələbəmiz münasibətilə "Zəfər", "Qarabağ" ordenləri və "Vətən Müharibəsi Qəhramanı" da daxil olmaqla 15 yeni medal təsis edilmişdir".